Könül Təhməzova: "Təhsil işçiləri də Ali Baş Komandanın yanındadır"
“Azərbaycan öz şanlı tarixində növbəti zəfər, qalibiyyət addımlarını atır və xalqımız Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda başlatdığı ədalətli mübarizəsinə birmənalı dəstək göstərir. Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında yumruq kimi birləşib və bu vahidlik düşmənə vurulan daha bir sarsıdıcı zərbədir”. Sözügedən fikirləri SİA-ya Bakı şəhəri, Məmməd Rahim adına 7 saylı tam orta məktəbinin direktoru Könül Təhməzova bildirib.
Onun sözlərinə görə, bu gün Qarabağ cəbhəsində ard-arda azad edilən torpaqlarımız, kəndlərimiz, şəhərlərimiz onsuz da ağır və böhranlı olan Ermənistanı daha çətin vəziyyətə salır, o cümlədən, bizim qalibiyyətimizin əsas səbəblərindən biri də güclü iqtisadiyyatımız və aldığımız beynəlxalq dəstəklərdir. “Əbəs deyil ki, cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənabları bütün çıxışlarında qətiyyətlə vurğulayır ki, getdiyimiz yol yalnız zəfər və qələbə yoludur”, deyən Könül Təhməzova qeyd edib ki, dövlətimizin başçısının müxtəlif xarici televiziyalara verdiyi müsahibələrində Azərbaycan xalqının və dövlətinin haqlı mübarizə aparması fikirlərini də xatırladıb: “Möhtərəm Prezidentimiz öz açıqlama və bəyanatlarında Azərbaycanın öz torpaqlarında döyüşdüyünü bildirib. Halbuki, Ermənistanın işğalçı rəhbərliyi, bu ölkənin baş naziri Nikol Paşinyan müxtəlif yalan, şər-böhtanlı məlumatlar əsasında beynəlxalq ictimaiyyətin Azərbaycanın haqq işini dayandırması üçün bizə təzyiqlərin göstərilməsi istiqamətində var qüvvəsi ilə çalışır və gördüyümüz kimi, həmin dəstəyi ala bilmir. Ümumiyyətlə, işğal edilmiş ərazilərimizin azad olunması istiqamətində başladılan hərbi əməliyyatlar beynəlxalq hüququn bizim tərəfimizdə olması ilə üst-üstə düşür. Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, biz öz torpaqlarımızda işğalçıya qarşı mübarizə aparırıq. Bu gün “Bizim yolumuz haqq yoludur və qələbə bizimlədir!” şüarı hər bir vətənsevər azərbaycanlının həyat kredosuna, amalına çevrilib. Bəli, biz dünya dövlətləri tərəfindən tanınan sərhədlərimizin bərpası üçün öz ərazimizdə işğalçıya qarşı vuruşuruq. Hər kəsə də aydındır ki, işğalçı, təcavüzkar dövlət Ermənistan, işğala məruz qalan isə Azərbaycandır. Bəli, işğalçı və təcavüzkar cəzalandırılmalıdır”.
Könül Təhməzova yağı və mənfur düşmənin əməllərinə görə ən ağır cəza alacağını da qeyd edib: “Bu gün Ermənistanın və onun marioneti hesab edilən qondarma “dqr”in separatçı, quldur hərbi birləşmələri dinc şəhərlərimizi, mülki əhalimizi atəşə tutmaqla qələbə yolumuzdan dönəcəyini sanırlar. Ancaq unudurlar ki, Azərbaycan xalqı əzmkardır və bu əzmi, qətiyyəti, iradəni heç bir qüvvə sındıra bilməz. Gəncə şəhərində törədilən terror aktı artıq dünyanın bir çox ölkələri, nüfuzlu qurumları tərəfindən pislənilməkdə, lənətlənməkdədir. Hətta humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, düşmən buna əməl etmədi. Əslində, daha əvvəllər mövcud olan atəşkəs rejimində də düşmən mülki əhalimizi hədəfə alır, onlara qarşı terrorçuluq fəaliyyəti həyata keçirirdilər. Bu baxımdan, hələ 1992-ci ildə Xocalı soyqırımını törədən mənfur düşmən indi də qocalarımızı, qadınlarımızı, uşaqlarımızı hədəfə alırlar. Bu gün Azərbaycanın rəşadətli Ordusu məhz dövlət siyasətinə çevrilmiş terrora, faşizmə qarşı mübarizə aparmaqdadır ki, gələcəkdə bir daha belə qanlı hadisələr yaşanmasın. İnsanlarımız öz doğma yurd-yuvalarına geri dönsünlər, rahat, firavan həyatlarını yaşasınlar”.
“Beynəlxalq ictimaiyyət də çox gözəl anlayır ki, təcavüzkarın ünvanı Bakı yox, məhz İrəvandır”, deyən məktəbin direktoru sonda onu da bildirib ki, ailədən başlayan vətənpərvərlik tərbiyəsini təhsil müəssisələri davam etdirməlidir. Təhsil müəssisələri hər bir xalqın tərəqqi qapısıdır: “Övladlarımızın vətənpərvər ruhda böyüməsi, vətənini sevən, onun uğrunda ölməyə belə hazır olan mərd şəxsiyyətlər kimi yetişməsində vətənpərvər müəllimlərin rolu böyükdür. Bu gün könüllü olaraq ön cəbhədə vuruşmağa gedən müəllimlərimiz, təhsil işçilərimiz var və onlar şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşmasında, vətənpərvərlik ruhunun aşılanmasında örnək oldular”.
“Bir daha vurğulamaq istərdim ki, bu gün təhsil işçiləri də daxil olmaqla Azərbaycan xalqı öz Ali Baş Komandanının yanındadır və ona inanır, ona güvənir. Əlbəttə ki, qələbə və zəfər yürüşümüzdə, müqəddəs üçrəngli bayrağımızın azad olunmuş ərazilərimizdə dalğalanması bizlərin hər birində növbəti qələbə ruhunu oyadır. Artıq bizim bayağımız qəhrəman əsgərlərimizin, zabitlərimizin əllərində Xankəndinə, Şuşaya, Xocalıya və s. azad ediləcək ərazilərimizə doğru şərəflə irəliləyir. Ali Baş Komandanımızın da vurğuladığı kimi, Qarabağ Azərbaycandır!”, deyə Könül Təhməzova münasibətinin sonunda vurğulayıb.
Rövşən RƏSULOV