“Oxu günü” münasibətilə musiqili, şeirli bədii kompozisiya təşkil olundu

Uzun əsrlərdən bəri dünyada baş verən elmi-texniki və mədəni inkişafın daşıyıcısı olmaqla milli və ümumbəşəri
sərvətə çevrilmiş kitaba xüsusi rəğbət və məhəbbətlə yanaşan, mütaliəni həyati tələbat kimi qəbul edən insanlara
cəmiyyətdə daim hörmət və ehtiram bəslənmiş, ictimaiyyət arasında onlar yüksək savada və intellektə malik şəxslər hesab
olunmuşlar.
UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və
Müəlliflik Hüququ Günü” kimi qeyd edilir.
Yaradıcı zəkanın, qüdrətli elmi-bədii təfəkkürün məhsulu olan əsərlərin yayılması və nəsildən-nəslə ötürülməsində
əvəzsiz mənbə rolunu oynayan kitablara və onların müəlliflərinə rəğbət və sevgi duyğuları aşılayan, insanları mütaliəyə,
biliklənməyə, maariflənməyə və mənəvi zənginləşməyə çağıran bu xoşməramlı tədbir ictimai-sosial həyatda əhəmiyyətli
hadisə kimi qiymətləndirilir.
Bununla əlaqədar şəxsiyyətin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna
rolunu nəzərə alaraq, Təhsil Nazirliyinin müvafiq əmr və təlimati göstərişləri əsasında şagirdləri elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər, o cümlədən mütaliə aylıqları, ədəbi-bədii gecələr və “Oxu günü” təşkil olunur.
Bu münasibətlə məktəbimizin musiqi müəllimi Leyla Cumayeva və Azərbaycan dili və ədəbiyyat müəllimi Günnur İskəndərova tərəfindən məktəbin akt zalında musiqili, şeirli bədii kompozisiya təşkil olundu. Tədbirdə məktəbin bir çox istedadlı şagirdləri iştirak edərək şeirlər söylədi, səhnəciklər göstərdi, gözəl mahnılar oxudu və müxtəlif rəqs nümunələri göstərdilər. Tədbirin rəsmi açılışından sonra Azərbaycan şairlərinə həsr olunmuş video çarx nümayiş olundu. Daha sonra aparıcılar 10 A sinif şagirdi İsa Məmmədli və 6 Ç sinif şagirdi Xədicə Əhədzadə tədbiri açıq elan etdilər. Tədbir 6 Ç sinfinin iştirakı ilə Qara Qarayevin klassik musiqisi ilə başlandı. Daha sonra Xəlil Rza Ulutürkün "Ana dili", Bəxtiyar Vahabzadənin "Yenə bir arzu qaldı", Hüseyn Cavidin "Qız məktəbində", Musa Yaqubun "Tərəzi", Hafiz Baxışın "Bizim dost itirən vaxtımız deyil", Məhəmməd Füzulinin "Ya rəb bəlayi-eşq ilə qıl aşina məni", Nüsrət Kəsəmənlinin "Biri vardı, biri yox", Zəlimxan Yaqubun "Səni sevmək üçün gəldim dünyaya" və s. şeirləri səsləndirildi.
Tədbirdə rəqsə və musiqiyə də geniş yer verildi. Şagirdlər "Tıq-tıq xanım", "Qaşı gözü qara qız", "Nəlbəki" rəqsini nümayiş etdirdilər. Səsləri gözəl olan şagirdlərimiz tərəfindən isə Mikayıl Müşfiqin "Sənə qurban" mahnısı duet şəklində ifa olundu. Tədbirin sonunda aparıcı İsa Məmmədli Baba Vəziroğlunun "Cənab Ali Baş Komandan" şeirini böyük ruh yüksəkliyi ilə oxudu. 7 A sinif şagirdi Arif Rəhimli isə həmin şeirin sözlərinə bəstələnmiş mahnını ifa etdi və bu zaman bütün qonaqlar səhnəyə dəvət olundular.
Tədbirin sonunda Sevinc Budaqova səhnəyə qalxaraq tədbirdə iştirak edən bütün müəllimləri səhnəyə dəvət etdi və hər müəllimdən "Oxu Günü" münasibətilə bir parça şeir söyləmələrini xahiş etdi. Müəllimlərimiz də öz növbələrində şeirlər səsləndirərək tədbir iştirakçılarına qoşuldular. Şagirdlər və müəllimlər bu tədbirdən böyük zövq alaraq, müsbət hisslərlə, lirik duyğularla ayrıldılar.