Məktəbimizdə Füzulinin - 530 illiyinə həsr olunmuş silsilə tədbirlərin yekunu olaraq elmi konfrans keçirildi

 Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.

 20 may 2024-cü ildə məktəbimizin konfrans zalında, məktəb rəhbərliyinin, pedoqoji və şagird kollektivinin iştirakı ilə Füzulinin - 530 illiyinə həsr olunmuş elmi konfrans keçirildi. Konfransı məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva açıq elan etdi. Konfrans Ulu öndər Heydər Əliyevin Məhəmməd Füzuli haqqında dediyi sözlərlə başladı.

 Tədbirin təşkilatçılığında böyük əməyi olan Azərbaycan dili və ədəbiyyat metodbirləşmə rəhbəri İradə Ağayeva "Füzuli yaradıcılığında elm və bədii məntiq" mövzusunda geniş məruzə ilə çıxış etdi. Məktəbin bütün ədəbiyyat müəllimləri Məhəmməd Füzulinin həyatı, əsərləri, yaradıcılığı ilə bağlı çıxışlar etdilər. Fatma Quliyeva "Sözün qüdrəti", Gülmirə Məmmədova "Məhəbbət lirikası", Günnur İsgəndərova " Ya rəb bəlayi-eşq ilə...."qəzəlinin təhlili, İlhamə Paşayeva "Füzuli poeziyası və musiqi dünyamız", Kəmalə Cəfərova "Füzuli dünən və bu gün" mövzularına toxunaraq konfrans iştirakçıları ilə maarifləndirici söhbətlər apardılar.

 Şagirdlər də öz növbələrində təqdimatlar nümayiş etdirərək, müxtəlif səhnəciklər hazırlayaraq, Füzulinin yaradıcılığına müraciət edərək əsərlərdən parçalar səsləndirdilər. 9 B sinif şagirdi Ülvi Balabəyli "Füzulinin həyat və yaradıcılığına aid təqdimat, 9 B sinif şagirdi Nailə Abbaszadə, Ülvi Balabəyli və7 B sinif şagirdi Aylin Əzizlinin ifasında "Leyli və Məcnun" əsərindən parçalar, 8 B sinif şagirdi Əlizadə Tinatin Leylinin şamla söhbəti hissəciyi, 9 B sinif şagirdi Hüseyn Səmədzadə Həcər daşı ilə söhbəti hissəciyi, 6 A sinif şagirdləri "Meyvələrin söhbəti" əsərindən və 8 A sinif şagirdi Aysun Qurbanovanın ifasında "Şikayətnamə" əsərindən parçalar səsləndi. Sonda ədəbiyyat müəllimlərinin ifasında Füzuli kantatasının sədaları altında "Məni candan usandırdı" qəzəli ifa edildi. Tədbir məktəbin direktoru Sevinc Budaqova və təlim tərbiyə işləri üzrə direktor müavini Gülnarə İsmayılovanın çıxışı ilə sonlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi