Bu gün Azərbaycanın ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri Onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış Ulu öndər haqqında danışarkən, adətən, Onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və Onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanın etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir. Ona görə də, hesab edirik ki, bu gün Ulu öndəri hörmətlə anarkən Heydər Əliyevşünasların və Heydər Əliyev sevərlərin, tədqiqatçıların araşdırmalı olduğu elmi istiqamətlərdən biri də, məhz, bu olmalıdır.
Ənənəmizə sadiq qalaraq hər il olduğu kimi bu il də Ulu öndəri dərin ehtiram hissi ilə andıq. Məktəbin konfrans zalında baş tutan anma mərasimində məktəbin rəhbərliyi, pedoqoji və şagird kollektivi iştirak edirdi. 5 A sinif şagirdlərimiz şeirlər səsləndirdi, 7 C sinif şagirdlərimiz mahnılar ifa etdi, 9 B sinif şagirdi Hüseyn Səmədzadənin hazırladığı çıxış və videoçarx nümayiş olundu. Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva çıxış edərək Ulu öndərin uzaqgörənliyi və siyasəti haqqında danışdı, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.