Novruz milli bayramımızdır!

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünya görüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Məktəbimizin kollektivi də Novruzun gəlişini məktəbin hər guşəsində hiss etdirərək təntənəli bayram tədbiri hazırladılar. Akt zalında baş tutan tədbirdə 1C, 3Ç, 5A, 7C, 7Ç sinif şagirdləri yaxından və həvəslə iştirak etdilər. Tədbir tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva, Azərbaycan dili müəllimi Günnur İsgəndərova və musiqi müəllimi Kəmalə Qədimovanın təşkilatçılığı və sinif rəhbərlərinin dəstəyi ilə təşkil olundu. İlk öncə tədbiri aparıcı Aidə Eyyubova açaraq qonaqları salamladı və iştirakçıları səhnəyə dəvət etdi. Şagirdlər öz növbəsində bayatılar, şeirlər söylədi, mahnılar səsləndirdi, çalğı alətlərində ifa etdi, rəqslər nümayiş etdilər. Novruzun simvollarından olan keçəl və kosanı isə 5-ci sinif şagirdləri məhrətlə səhnələşdirdilər. Tədbir bütün iştirakçıların səhnəyə çıxması və 1-cilərin rəqsi ilə yekunlaşdı.
Sonda məkətəbin direktoru Sevinc Budaqova səhnəyə çıxaraq tədbirin ərsəyə gəlməsində əməyi olan məktəbin müəllim və şagird kollektivinə dərin təşəkkürünün bildirərək, Novruzun qədim tarixindən danışdı. Sonra isə sözü direktor müavini Aidə Quliyevaya, ardınca isə Azərbaycan dili müəllimləri Kəmalə Cəfərova və Gülmirə Məmmədovaya verdi. Onlar da öz növbələrində qarşıdan gələn bayram münasibətilə hər kəsi təbrik edərək iştirak edənlərə təşəkkürlərini bildirdilər.