"XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirildi

"1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur" - bu fikirləri məktəbin konfrans zalında baş tutan Xocalı faciəsinə həsr olunmuş tədbirdə məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru Sevinc Budaqova səsləndirmişdir.
Məktəbin 5Ç sinfi sinif rəhbərləri və musiqi müəllimi olan Leyla Cumayevanın təşəbbüsü ilə "XX əsrin dəhşətli faciəsi - Xocalı soyqırımı" adlı tədbir keçirdilər. Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunan tədbirdə şagirdlər Xocalıda baş verən dəhşətli gerçəklər barədə məlumatlar verdi, şeirlər səsləndirdi, həmçinin milli vətənpərvərlik ruhunda mahnılar ifa etdilər. Həmçinin Cənab Prezident İlham Əliyevin son Xocalı səfəri zamanı hazırlanmış videosujetə böyük qürür və fəxarət hissi ilə tamaşa etdilər. Tədbirdə məktəbin rəhbər işçiləri, pedoqoji heyəti, tibb işçiləri, məktəbdə təcrübəyə gələn tələbələr, məktəbin şagird kollektivi iştirak etdi. Tədbirin sonlarına yaxın məktəbin tərbiyə işləri üzrə direktor müavini Aidə Quliyeva çıxış edərək 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə baş verən tükürpədici hadisələr barədə məlumat verdi, həmçinin Xocalının artıq azad və qisası alınmış bir şəhər olduğunu vurğuladı. Daha sonra texnologiya müəllimi, həmçinin qəhrəman şəhid Namiq Zalovun həyat yoldaşı Nəzirə Zalova da çıxış etdi və o faciəli gecənin buraxdığı izlərdən danışdı. Sonra isə təcrübədə olan tələbələrdən Pünhanə Əliyeva çıxış edərək bu vəhşiliklərdən danışarkən göz yaşlarına hakim ola bilmədi. Sonda Sevinc xanım tədbirdə əziyyəti olan hər kəsə -müəllimlərə, şagirdlərə, valideynlərə dərin təşəkkürünü bildirdi.