"Bir dəfə doğulub, əbədi yaşayanlar" adlı tədbir keçirildi

16 yanvar  2019-cu il tarixdə məktəbimizdə 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar olaraq Milli Mədəniyyətin Təbliği İctimayi Birliyi ilə birgə “Bir dəfə doğulub, əbədi yaşayanlar“ adlı bədii-sənədli gecə keçirildi. Tədbir Dövlət himninin səslənməsi ilə başlandı və şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi. O, gələn qonaqları salamlayıb təqdim etdi. Sonra Tahirə xanım 20 Yanvar hadisələrinin əsl mahiyyətini şagirdlərə çatdırmaq istəyərək söylədi ki, bu qanlı hadisənin törədilməsində əsas məqsəd öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet  imperiyası  günahsız  insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Tahirə xanım qeyd etdi ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli  liderimiz Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  keçirilən yığıncaqda çıxış edərək,  bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev hər zaman 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri hesab etmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1994-cü il martın 29-da qəbul edilən qərarda  Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdi.

Gecədə ictimai-siyasi xadimlər, qazilər, hərbi qulluqçular iştirak edirdi: təqaüddə olan general- mayor İskəndər  Allahverdiyev, ehtiyatda olan polkovnik Qurbanov Əjdər, Milli qəhrəman Quliyev Vahid, ehtiyatda olan zabit  Ağayev Hikmət, ehtiyatda olan polkovnik Xətai Baxışov, "Azərbaycan bayrağı"  ordenli  şəhid Mustafayev Dinarın anası və ailə üzvləri, Dünya Azərbaycanlılarının  “Qarabağa azadlıq”  Təşkilatının üzvü İlqar İsmayıloğlu, “Vətən uğrunda” qəzetinin baş redaktoru Rövşən Əhmədli,  "20 Yanvar"  İctimayi Birliyinin sədr müavini Əliyev Mustafa, mətbuat və media nümayəndələri.

Çıxış edən qonaqlar 20 Yanvar hadisələri haqqında öz xatirələrini söyləməklə yanaşı, şagirdlərə öz tövsiyələrini də bildirdilər. Onlar tədbir boyu şagirdlərə yazılı suallar ünvanladılar. Cavab verən şagirdlərə Qarabağa aid kitablar, bukletlər və disklər hədiyyə etdilər. “İgid əsgər” mahnısını şagirdlər  zaldakı qonaqlarla  birgə ifa etdilər. Sonra Qarabağ qazisi,  “Vətən uğrunda “ qəzetinin redaktoru Rövşən Əhmədli, 1997-ci ildə xüsusi hərbi tapşırığı həyata keçirərkən erməniyə əsir düşməmək üçün özlərini partladan yeddi igidimizdən biri Dinar Mustafayevin ailəsinə hazırladığı xatirə hədiyyəsini  təqdim etdi. Tədbirin sonunda birliyin rəhbəri Jalə Cəfərova çıxış edərək, məktəbin direktoru Tahirə xanim Şükürovaya tədbirin təşkilində göstərdiyi əməkdaşliğa görə təşəkürünü bildirdi

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi