Nəriman Həsənzadə ilə məktəbimizdə görüş keçirildi

Bildiyimiz kimi, ölkə prezidenti  İlham Əliyev cənablarının 16 may 2017-ci il tarixli sərəncamı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ölkəmizin hər yerində təntənəli surətdə qeyd olunur. Hər yerdə olduğu kimi, bizim məktəbdə də Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə aid silsilə tədbirlər keçirildi. Bu tədbirlərin yekunu olaraq görkəmli xalq şairi və yazıçısı Nəriman Həsənzadə ilə dünən məktəbimizdə görüş təşkil edildi. Tədbiri məktəbin ədəbiyyat müəllimi Cəfərova Dilarə 9”B” sinif şagirdləri ilə birgə hazırlamışdı. Görüşün məqsədi yazıçının Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı, Bakının azad olunmasında xüsusi rəşadət göstərmiş Nuru Paşaya həsr etdiyi “Nuru Paşa” əsərinin müzakirəsi oldu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açdı və gələn qonaqları salamladı. Sonra çıxışında bildirdi ki, artıq neçə ildir ki, şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə məktəbimizdə görkəmli şair və yazıçılarla görüşlər keçirilir və onların əsərləri müzakirə edilir. Bu il də Nəriman Həsənzadə yaradıcılığına müraciət etməyimiz təsadüfi deyil. Çünki bir məktəb olaraq  xalqımızın 100 illik tarixini şagirdlərə qürurla təbliğ edirik. N.Həsənzadənin “Nuru Paşa” əsəri Azərbaycan ədəbiyyatında bu mövzuda yazılan ən gözəl nümunələrdəndir. Çünki bu əsərdə yazıçı tarixi qəhrəmanı bədii obraza çevirərək oxucu yaddaşında qalması üçün gözəl zəmin yaratmışdir. Bu ilin sentyabrında Azadlıq meydanında Türkiyə və Azərbaycan Bakının yadelli qüvvələrdən azad edilməsinin 100 illiyini birgə qeyd etdi. Bu yüksək tribunda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdılar. Bu Azərbaycan-Türkiyə qardaşlığının, əbədi birliyinin rəmzi və nümayişi idi. Ümummilli liderimiz H.Əliyevin dediyi kimi, bir millət, iki dövlətin dünyaya ismarıcı idi. Sonra Tahirə xanım sözü şagirdlərə verdi. Şagirdlər N.Həsənzadənin həyat və yaradıcılığı haqqnda ətraflı məlumat verdilər. Şairin şeirlərindən nümunələr söylədilər, sözlərinə bəstələnmiş mahnılar ifa etdilər. Daha sonra şanlı tariximizə aid olan Azərbaycan Xalq Cümhuriyyətinin o zamanlar Bakıda bərqərar olmasına köməklik etmiş türk xalqının qəhrəman oğlu Nuru Paşanın göstərdiyi qəhrəmanlıqlardan, Qafqaz İslam Ordusunun Azərbaycana yardım məqsədilə gəlməsi haqqında ətraflı məlumat verdilər. Poemadan parçalar söylədilər. 2018-ci ilin sentyabrın 15-də Bakıda keçirilmiş paraddan kadrlara tamaşa edib, bu paradda çıxış edən ölkə prezidenti İlham Əliyevin nitqini dinlədilər. Tədbirin sonunda Nəriman Həsənzadə çıxış edərək tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Şair çıxışında bidirdi ki, tədbirin bu səviyyədə olması şagirdlərlə aparılan gərgin işin nəticəsidir, müasir təhsilin inkişafının bu məktəbdə yüksək səviyyədə olmasının nəticəsidir. Öz lirik şeirlərindən parçalar söyləyən şair sonda şagirdlərin suallarını cavablandırdı. Tədbirdə iştirak edən BŞTİ-nin nümayəndəsi Anar Qədiməliyev çıxış edərək, şagirdlərin mükəmməl çıxışlarından zövq aldığını vurğuladı. Qeyd etdi ki, tədbirin ərsəyə gəlməsində məktəb, müəllim və valideyn üçlüyünün işinin nəticəsi hiss olunur ki, bu da müasir təhsilin qarşıya qoyduğu prioritet məsələlərdən biridir.
Tədbirdə həmçinin, Türkiyə səfirliyinin mədəniyyət və turizm müşavirinin müavini Adem Keleş, Azərbaycan yazıçılar birliyinin poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə, məktəbimizin məzunu, şair Nuranə Nur, şair Nəriman Həsənzadənin yaxın dostları Valeh Kərimov və Təbrizdən gəlmiş Aqşin Ağkəmərli iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi