Məzun Qazimizin ziyarəti

Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq, mənfur qonşularımız kimi. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. 44 günlük Vətən Müharibəsi sübut etdi ki, ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var. Bu günlərdə məktəbimizin direktoru Tahirə Şükürova və kollektiv üzvlərimizdən bir neçə nəfər karantin qaydalarına uyğun olaraq, belə qəhrəman oğullarımızdan biri olan, məktəbimizin məzunu Arif Hacıyevi ziyarət etdik. Arifin haqqında əvvələr də sizə məlumat vermişdik ki, bu qəhrəman oğlumuz 1997–ci ildə Bakıda doğulub. 39 nömrəli məktəbdə təhsil alıbdı. Məktəbi bitirdikdən sonra Step akademiyasında kompyuter proqramlaşdırılması ixtisasi üzrə təhsil aldıqdan sonra, Bakı Kompyuter kollecində təhsilini davam etdirir. Oxuduğu müddətdə ictimai işlərdə fəal iştirak edir. 2018-ci ilin iyun ayında Səfərbərlik və Hərbi xidmətə Çağlrış üzrə Dövlət xidmətinin Nərimanov rayon idarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2020-ci ilin yanvar ayında ordudan tərxis edilmişdi. Həqiqi hərbi xidmət dövründə yoldaşlarından fərqlənərək “Ən yaxşı əsgər” xasiyyətnaməsi almışdır. 2020-ci il sentyabrın 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən xidmətə yenidən çağırılmış, Füzuli istiqamətindəki təmas xəttinə göndərilmişdir. Azərbaycan Ordusunun əks hücumları başladıqdan sonra Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində qızğın döyüşlərdə iştirak etmişdir. 21 oktyabr 2020-ci ildə Füzuli rayonunda gedən gərgin döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanmışdır. O, döyüşdə bir gözünü itirmiş və bir qolundan ağır yaralanmışdır. Yaralandıqdan sonra ilk olaraq Naftalan şəhərində yaradılmış hərbi hospitala, sonra isə Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Hərbi hospitalına yerləşdirilmişdir. 18 dekabr 2020-ci il tarixdə hospitaldan evə buraxılmışdır. Məlum olduğu kimi, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir..Bu baxımdan Yaşat fondunun gördüyü işlər danılmazdır. Belə ki İsrailli qadın rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb. Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyevin bunun sayəsində , Yaşat fondunun dəstəyi ilə görmə qabiliyyəti bərpa edilib. Qeyd edək ki, əməliyyatdan öncə qazimizin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində qazimizin həmin gözünün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.Bu gün Arif sağlamlığını itirsə də, min bir əziyyət çəksə də, onun ruh yüksəkliyinin səbəbi qalib xalqın Qazisi olmasıdır. Bu qalibiyyəti bizlərə yaşadan Azərbaycan Ordusuna və onun Komandanına minnətdarıq! Biz səninlə və sənin kimi qəhrəman oğullarımızla fəxr edirik, Arif! Bu gün bizlər də fəxr edirik ki, gənc nəslin vətənpərvər ruhda böyüməsində biz müəllimlərin də rolu vardır. Var olsun bu torpağın mayası qəhrəmanlıqla yoğrulan sənin kimi igidləri!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi