"Qəhrəman məzunlarımızı siz də taniyin" layihəsi

Vətən anlayışı elə bir ali dəyərdir ki, insan onun uğrunda vuruşa, hər cür fədakarlıq göstərə və son anda öz canından keçə bilir. Vətən uğrunda ölmək, şəhadətə yüksəlmək ölümlərin ən şərəflisidir. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmayacaq. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. Təsadüfi deyil ki, Vətənin toxunulmazlığı, onun ərazi bütövlüyü uğrunda canından keçən hər bir şəhidin xatirəsi xalq tərəfindən əziz tutulur, onların ruhu böyük hörmət və ehtiramla anılır. Məktəbin kollektivinin ümumi dəstəyi ilə bir neçə nəfər müəllimimiz və məktəbin hərbi rəhbəri bu günlərdə mənəvi dəstəyimizi bildirmək üçün Nərimanov rayon şəhidi Məmmədov Sinanın ailəsi ilə görüşə getdi. Ailənin ilk övladı olan Sinan əsgəri xidmətinin bitməsinə 2 ay qalmış torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. Anasının söylədiklərinə görə uşaqlıqdan atasız böyüsə də, ailədə xəstə anasına baxan yeganə oğul olsa da Sinan zəhmətkeş olmaqla bərabər, vətənpərvər oğul idi. Uşaqlıqdan Mübariz İbrahimovu özünə ideal seçmişdi. Hətta onun dəftərlərinin arasından Mübarizin şəkillərini, Vətəni tərənnüm edən şeirlərini tapan ana bu gün özü də danışdıqca təəccüblə “sən nə vaxt belə vətənpərvər böyüdün, Sinan, heç özüm də bilmədim” deyir. Elə yoldaşlarının da dediyinə görə döyüşlərdə fədakarcasına özünü irəli atan, ölümün gözünə dik baxmağı bacaran oğul imiş Sinan. Şəhid anasının da yeganə təsəllisi odur ki, bu gün dərdimin böyüklüyünə baxmayaraq oğlumla fəxr edirəm. Fəxr edirəm ki, Sinan Vətən uğrunda canını qurban verdi, ən ali zirvə olan şəhidlik zirvəsinə ucaldı! "Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.a.s) buyurub ki, Cənnətə ilk girən şəxs şəhidlər olacaqlar” Ailədə yeganə kişi olan şəhid anasının bu sözləri ondan xəbər verir ki, bu torpaq heç vaxt basılmayacaq. Yağı düşmənin nəfəsi bir daha torpaqlarımıza dəyməyəcəkdir. Biz bir ölər min dirilərik!! Nə qədər ki, Sinanlar, Mübarizlər, Şahlarlar, Poladlar doğulur bu torpaqda Vətən basılmayacaq. Şəhidlərimiz bizim qürur və mənəviyyat yerimizdir!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi