"Son zəng" tədbiri keçirildi
14 iyun 2019-cu il tarixində respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Xəzər rayonu 323 nömrəli tam orta məktəbində də "Son zəng" tədbiri keçirildi.
Tədbirdə məktəbin direktoru Günay Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavini Esmira İsfəndiyarova, məktəbin pedaqoji kollektivi, məzunlar, valideynlər və şagirdlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.
Çıxış üçün ilk söz məktəbin direktoru G.Rüstəmovaya verildi. O, çıxışı zamanı ilk öncə məzunları təbrik edərək, bu gününün hər bir onbirinci sinif şagirdinin bundan sonrakı həyatında, o cümlədən xatirələrindən heç zaman silinməyəcək, önəmli günə çevriləcəyini vurğuladı.
G.Rüstəmova çıxışında, məzunlara səslənərək hər birinin bizim üçün çox özəl şagird olduğunu, o cümlədən bəzilərinin tərbiyəsi və davranışı, bəzilərinin hətta bilikləri ilə bizləri heyran edən şagirdlər olduğunu qeyd etdi. Həmçinin, onlara həyatda özləri üçün nə arzulayırlarsa, hansı zirvələri fəth edəcəklərsə, o zirvələrin hər birinə çatmaqlarını, tezliklə hər biri üçün şagird adının tələbə adı ilə əvəz olunmasını arzuladı. Məktəbin direktoru G.Rüstəmova çıxışını bir daha məzunları və onlar üçün əziyyət çəkən müəllimləri, o cümlədən valideynləri təbrik edərək bitirdi.
Daha sonra direktor müavini E.İsfəndiyarova, məzunların sinif rəhbərləri, o cümlədən ibtidai sinif müəllimləri, onların valideynləri öz çıxışlarında məzunlarımızı təbrik edərək onlara gələcək həyatlarında uğurlar diləyiblər.
"Son zəng" tədbiri məktəbin 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət çıxışlar ilə davam etmişdir.
11 a sinfinin sinif rəhbəri, eyni zamanda da məktəbin ingilis dili müəllimi Tərlan Rüstəmova tərəfindən yüksək səviyyə təşkil olunan "Son zəng" tədbirinin sonunda məktəb həyatına əlvida deyən məzunlar üçün son zəng çalındı.