"Unudulmaqda olan uşaq oyunları" adlı festivalı keçirilib
İyunun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib.
Tədbirə məktəbin 5 və 6-cı sinif şagirdləri, o cümlədən həmin siniflərin sinif rəhbərləri də qatılıb.
Festivalda iştirak edən şagirdlərimiz Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən “Bənövşə”, “Dəsmal aldı, qaç”, “Əl üstə kimin əli” kimi oyunların mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alıb, həmçinin həmin oyunlarda iştirak ediblər.
Tədbirdə fərdi qaydada oynanan “Usta-şagird” oyunu üzrə keçirilən yarışlarda uğur qazanan ilk 3 yerin qaliblərindən biri məktəbin 6 "B" sinif şagirdi Orduxanova Mədinə də Diplom və medalla mükafatlandırılıb.