Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.

Təhsil müəssisələrində Heydər Əliyevə həsr olunan konfrans, simpozium, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub, fotostendlər qurulub, sərgi, festival, müsabiqə və idman yarışları keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Bildirilib ki, Dahi Liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, dahi şəxsiyyətin nüfuzu, onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar bu gün hər bir vətəndaş tərəfindən minnətdarlıqla anılır. 

Qeyd olunub ki, Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev bu gün qalib lider kimi dünyada tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu  30 illik torpaq həsrətinə son qoymaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Tədbirlərdə Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən videoçarxlar, filmlər nümayiş olunub.  İstedadlı uşaqlar dahi şəxsiyyətə olan ehtiram və məhəbbətlərini çəkdikləri rəsmlərlə ifadə ediblər.

Həmçinin tədbirlərdə uşaqlar Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Eləcə də təhsilalanların Heydər Əliyevin doğum günü ilə bağlı Fəxri xiyabana ziyarətləri və Heydər Əliyev Mərkəzinə ekskursiyaları da təşkil olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi