Təhsil İdarəsində gənclərlə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə görüş keçirilib.
Görüşdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Rüfət Əsədzadə, İdarənin müvafiq struktur bölmə rəhbərləri, gənc müəllimlər, “Məktəblinin dostu” layihəsinin əməkdaşları və uğurları ilə fərqlənən şagirdlər iştirak ediblər.
Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini bildirib. Vətən Müharibəsində qazanılan qələbədə gənclərin rolunu xüsusi vurğulayan nazir müşaviri gənclərə milli-mənəvi dəyərlərimizi qorumağı tövsiyə edib. R.Ağayev cəmiyyətimizdə təhsil işçilərinin üzərinə düşən vəzifələrdən, müəllim məsuliyyətindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva tədbir iştirakçılarını Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. İdarə müdiri bildirib ki, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunan Azərbaycan Gəncləri Günü gəncliyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. İdarə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini vurğulayıb.
İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini qeyd edib.
Həmçinin Vətən Müharibəsində qəhrəmanlıq tariximizinin yeni salnaməsini yazanlar arasında gənc müəllimlərin, həmçinin onların yetirmələrinin olmasının qürurverici olduğunu söyləyib.
Daha sonra çıxış edən ADPU-nun prorektoru K.Pirverdiyeva, AGMA-nın sədri R.Əsədzadə Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs edib, gənclərə fərdi inkişafla bağlı tövsiyələr veriblər.
Görüşdə iştirak edən gənclər göstərilən diqqətə görə öz təşəkkürlərini bildirib və uğur hekayələrini danışıblar.
Sonda Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gəncə səmərəli fəaliyyətinə görə Təşəkkürnamə təqdim olunub.