Şagird davranış qaydaları müzakirə olunub

“Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda “Dəyirmi masa” təşkil olunub.

“Dəyirmi masa”da elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, BŞTİ-nin Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Hüquq sektorunun müdiri Kamran Əliyev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və psixoloqu Heyran Səfərova, direktorlar, direktor müavinləri, müəllimlər, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri iştirak ediblər.

Elm və təhsil nazirinin müşaviri E.Nəsibov hər iki sənədin ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı çərçivəni müəyyən etdiyini söyləyib. Bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir. Bu qaydalara uşaqların fiziki təhlükəsizliyi, onların psixoloji sağlamlığı, məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət və məktəb kollektivi ilə olan münasibət), əlverişli öyrənmə mühiti və Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti daxildir.

Mövcud qaydalarla bağlı ictimaiyyətin məlumatlılıq səviyyəsini artırmaq məsələsinə toxunan E.Nəsibov bu məqsədlə təhsil işçilərindən ibarət spikerlərin müəyyənləşdirilməsini təklif edib.

Tədbirdə çıxış edən BŞTİ müdiri M.Vəliyeva məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Elm və Təhsil Nazirliyinin hazırladığı “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır.

M.Vəliyeva müəllimin vəzifələri ilə yanaşı valideynin də övladının mənəvi yetkinliyinə cavabdehliyi məsələsinə toxunub. Bildirib ki, valideynlər də öz məsuliyyətlərini anlamalı, qanunvericiliyə uyğun olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirməli və məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində fəal iştirak etməlidirlər. 

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri E.Əliyev hər iki sənədin mahiyyəti barədə ətraflı məlumat verərək bunun məktəb idarəetməsində səmərəliliyin artırılması işinə böyük töhvə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, qaydalar və nizam-intizam olmadan təlim- tərbiyə baxımından istənilən nəticəni əldə etmək mümkünsüzdür. Hər iki sənəd hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb. Sənədlərin hazırlanması prosesinə təcrübəli məktəb direktorları və müəllimlər, özəl təhsil müəssisələrinin nümayəndələri, yerli və beynəlxalq mütəxəssislər cəlb olunublar. E.Əliyev təklif olunan qaydaların ictimai müzakirələrdən sonra daha da təkmilləşdiriləcəyini, çərçivə sənədi kimi faydalı olacağını nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın üzvü P.Məmmədova, BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri B.Məmmədov, Hüquq sektorunun müdiri K.Əliyev, TDM-in direktoru İ.Həsənov, direktorlar, direktor müavinləri, müəllimlər, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri indiyə qədər başqa sənədlərdə əksini tapmış qaydaların vahid bir sənəddə cəmləşdirilməsini yüksək qiymətləndiriblər.

Görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr səsləndirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi