“Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfrans keçirilib.

Konfransda elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, YUNİSEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov, Bakı Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Ombudsman Aparatı, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası, Mətbuat Şurası, TƏBİB, Azərbaycan Uşaqlar İctimai Birliyi, Təmiz Dünya İctimai Birliyi, “Ümid yeri” Xeyriyyəti Cəmiyyəti” İctimai Birliyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri, paytaxtın rayon icra hakimiyyətləri başçılarının müavinləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Elm və Təhsil Nazirliyinin, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva son illərdə ölkəmizdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə, həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib.

BŞTİ-nin müdiri “Uşaq müdafiəsi: dialoq mühiti və qurumlararası əməkdaşlıq” mövzusunda konfransın əhəmiyyətindən danışıb. M.Vəliyeva qeyd edib ki, konfransın əsas məqsədi uşaqların müdafiəsi istiqamətində əməkdaşlığı genişləndirmək, aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformasının yaradılmasına nail olmaqdan ibarətdir.

Məktəblərdə həssas qrupa daxil edilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görüldüyünü deyən M.Vəliyeva valideynlər üçün maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, valideynlərin məktəb həyatında yaxından iştirakının təmin edildiyini diqqətə çatdırıb. İdarə müdiri xüsusi hal kimi daxil olan məlumatların Bakı üzrə statistik təhlilini də təqdim edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişməsi, uşaq hüquqlarının etibarlı təminatı, uşaqlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində görülən işlər haqqında danışıb.

YUNİSEF-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov “Uşaq müdafiəsində əsas problemlər və perspektivlər”, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova isə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması, zorakılığa məruz qalan uşaqlar və hüquqpozuntusu törətmiş uşaqlarla sosial, psixoloji, hüquqi xidmətlərin təşkili” mövzusunda çıxış edib.

Konfrans işinə panel müzakirələrlə davam edib. Panel müzakirələr BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədovun moderatorluğu ilə keçirilib. Müzakirələrdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Ombudsman Aparatının Uşaq hüquqlarının monitorinqi sektorunun müdiri Nigar Ağayeva, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova, TƏBİB-in Koordinasiya şöbəsinin məsləhətçisi Günay Muradovanın çıxışları dinlənilib. Çıxış edənlər həssas qruplarla iş, xüsusi hallarla bağlı yanaşma, uşaq hüquqlarının etibarlı müdafiəsi, müvafiq Koordinasiyası Şurasının yaradılması və bu sahədə aparılan maarifləndirmə işlərinin daha da genişləndirilməsinin vacibliyindən danışıblar.

Konfransda uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb və mövzu çərçivəsində suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi