Məktəbin Ekokönüllüləri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən biri “Məktəbli Ekokönüllü” layihəsidir. Layihə rəhbəri Qala qəsəbəsində yerləşən Kəlbəcər rayonu 19 saylı tam orta məktəbin direktor müavini Nofər Şirinovdur.
323 nömrəli tam orta məktəb də bu layihəyə cəlb olunub.
“Məktəbli Ekokönüllü” layihəsi Heydər Əliyev Fondunun təşəbbüsü əsasında Qala qəsəbəsində “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinə dəstək olacaq və məktəblilərin iştirakı ilə qəsəbədə ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması istiqamətində uğurlu nəticələrin əldə edilməsinə şərait yaradacaq.
Layihənin icrasına 1 oktyabr tarixində başlanılıb. Təqdimat mərasimi Qala qəsəbəsində yerləşən “Tullantıdan Sənətə” muzeyində təşkil edilib.
Təqdimat mərasimində məktəbimizin direktoru Xəyalə Qasımova, o cümlədən coğrafiya müəllimi Fidan Əbdüləlizadə, məktəbin VII-VIII sinif şagirdlərindən Aşirova Ayşə, Həsənquliyeva Ayan, Məmmədli Oruc, Məmmədov Nihat, Vəliyeva Yasəmən iştirak edib.