Paytaxt təhsili 2021-2022-ci tədris ilində
Paytaxt təhsili 2021-2022-ci tədris ilində
2021-2022-ci tədris ili Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) üçün tədrisdə keyfiyyət və davamlılığı təmin etmək, yeni dövrün çağırışlarından irəli gələn tələbləri yerinə yetirmək istiqamətində görülən işlər, həmçinin bir sıra nailiyyətlər, yeniliklərlə zəngin təhsil ili kimi yaddaqalan oldu.
2021-2022-ci tədris ili pandemiya səbəbindən distant formada təşkil olunan tədrisdən ənənəvi təhsilə qayıdış dövrü, Zəfər tarixinin Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davam etdirilməsi, həmçinin ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər ili kimi də səciyyələndirilə bilər.
Ümumi statistika
BŞTİ-nin tabeliyində 312 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 470 517 şagirdin təlim-tərbiyəsi ilə 29 115 müəllim məşğul olub.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 46 470, IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirib.
25 484 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub
BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 25 484 uşaq cəlb olunub.
30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir
Ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 30 Alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir.
Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə paytaxtın 12 rayonu üzrə 27 məktəbdə yaradılmış işçi qrupları və 3 “Whatsapp” nömrəsi vasitəsilə zəruri köməklik göstərilir.
45 141 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2021-2022-ci tədris ilində 45 141 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
55 Bakı məktəblisi olimpiadada qalib olub
2021-2022-ci tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 55 paytaxt məktəblisi qalib olub.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 8 nəfər qızıl, 19 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb.
Məntiq Olimpiadasında 21 paytaxt məktəblisi qalib olub
2021-2022-ci tədris ilində Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 21 paytaxt məktəblisi qalib olub.
Belə ki, 1 nəfər I, 6 nəfər II, 14 nəfər isə III yerin sahibi olub.
V sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi Lütfi Zadənin irsini təbliğ etmək və şagirdlərin məntiqi biliklərinin inkişafına təkan verməkdən ibarətdir.
Respublika fənn müsabiqələrində 35 şagird qalib olub
Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn (fizika, kimya, biologiya, riyaziyyat və informatika üzrə) müsabiqələrinin final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə 10 nəfər riyaziyyat, 4 nəfər fizika, 10 nəfər biologiya, 11 nəfər isə informatika fənni üzrə yüksək bal toplayaraq I, II və III yerlərə layiq görülüb.
207 “Sağlam təhsil” sinfi təşkil edilib
Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin davamlılığı təmin edilib.
Layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsində 194 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib. Həmçinin paytaxtdakı 5 məktəbdə 13 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu təşkil olunub.
Təhsil infrastrukturu dövlətin diqqət mərkəzindədir
Ölkə Prezidenti paytaxtdakı 71 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə maraqlanıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 292 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub, həmçinin 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
63 nəfər təhsil işçisi təltif edilib
Ölkə Prezidentinin sərəncamlarına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 63 nəfər təhsil işçisi təltif edilib.
Belə ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 7 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Paytaxt üzrə 7 müəllim isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Həmçinin təhsil nazirinin əmri ilə 16 nəfər “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə, 32 nəfər isə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.
Təhsil işçiləri BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb
BŞTİ-nin rəhbərliyi və əməkdaşları “Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı” ilə təltif ediliblər.
Həmçinin uzun müddətli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatan əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərləri və 2021-ci ildə yubileyi olan direktor müavinlərinə BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Buraxılış imtahanlarında müsbət nəticə
BŞTİ-nin tabeliyindəki 125 nömrəli tam orta məktəbin şagirdi Ağazadə Nigar Əhədulla qızı və 286 nömrəli tam orta məktəbin şagirdi Orucov Nəcməddin Nəsimi oğlu martın 5-6-da keçirilmiş buraxılış imtahanlarında (XI sinif üzrə) maksimum nəticə göstərərək 300 bal toplayıblar.
Tədris ilinin ilk dərsləri
2021-2022-ci tədris ilində ilk dərslər I-XI siniflərdə “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.
20 məktəbin İnkişaf Planı hazırlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 20 məktəbin İnkişaf Planı hazırlanıb.
İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.
Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.
17 mindən çox şagird təmayül sinifdə təhsil alıb
Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 180 məktəbdə təşkil edilən 722 təmayül sinifdə 17 241 şagird təhsil alıb.
BŞTİ tərəfindən İdarənin tabeliyindəki təhsil müəssisələrindəki təmayül siniflər haqqında məlumatlar toplanılıb və təhlil edilib.
Ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edən təmayül siniflərə şagirdlərin marağı ilbəil artmaqdadır.
100-dən çox şagird inklüziv təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 112 şagird inklüziv təhsilə cəlb edilib.
İnklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.
400-dən çox şagird fərdi təhsilə cəlb edilib
Bakı şəhəri üzrə 178 məktəbdə 489 şagird fərdi təhsilə cəlb edilib.
Qeyd edək ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.
154 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
2021-2022-ci tədris ilində elektron jurnal və gündəlik sistemi tətbiq edilən paytaxt məktəblərinin sayı 154-ə çatdırılıb.
Elektron jurnal və gündəlik sisteminin tətbiqi təhsil qərarlarının verilməsində səmərəliliyin və çevikliyin artırılması, jurnalların doldurulmasında avtomatlaşdırılmış nəzarət mexanizminin tətbiqi və məktəb-valideyn arasında səmərəli kommunikasiyanın təşkili məqsədini daşıyır.
Paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub
2021-2022-ci tədris ilində paytaxdakı 79 məktəb resurs dəsti ilə təmin olunub.
Təhsil Nazirliyi tərəfindən pilot olaraq həyata keçirilən layihə çərçivəsində verilən resurs dəstləri ümumi təhsil müəssisələrinin I siniflərini əhatə edib.
İşə qəbul üzrə 2 571 vakansiya təqdim olunub
2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2 571 vakansiya təqdim olunub.
2 550 nəfər işə qəbul olunub
Müsabiqələr nəticəsində 2 550 nəfər işə qəbul olunub.
Bunlardan:
721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində;
250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.
Həmçinin cari tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında ixtisaslı kadrlar dəvət edilib.
1 010 müəllimin iş yeri daimiləşib
Müəllimlərin işə qəbulu müsabiqəsinin elektron yerləşdirmə mərhələsində müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrindəki vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlərin 2021-2022-ci dərs ili üçün onlayn müsahibələri nəticəsində müddətli müqavilə əsasında çalışan 1 010 nəfər müəllimin iş yeri daimiləşib.
113 nəfər direktor müavini vəzifəsinə təyin edilib
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2021-2022-ci tədris ilində 113 nəfər direktor müavini təyin olunub. Onlardan 84 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər isə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin olunub.
220 nəfər psixoloq vəzifəsinə işə qəbul hüququ qazanıb
BŞTİ tərəfindən ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə keçirilmiş müsabiqə və müsahibə mərhələlərini müvəffəqiyyətlə başa vuran 220 nəfər işə qəbul hüququ qazanıb.
Məktəb idarəçiliyi
2021-2022-ci tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilib, bəzi direktorların əmək müqaviləsinə xitam verilib, həmçinin bir sıra məktəb direktorlarının iş yerləri dəyişdirilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 39 nəfər direktor vəzifəsinə təyin olunub, 16 direktorun iş yeri dəyişdirilib.
118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
Müddətli müqavilə əsasında fəaliyyət göstərən 2 məktəb direktoru daimi əsaslarla direktor vəzifəsinə təyin edilib.
Ümumilikdə 11 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.
2 ümumi təhsil məktəbinin (152, 172) fəaliyyəti bərpa edilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvləri, qazi və Vətən Müharibəsi iştirakçılarının işə qəbulu diqqət mərkəzində saxlanılır. Belə ki, 2021-2022-ci tədris ilində müvafiq müraciətlər əsasında vakant yerlər üzrə paytaxt məktəblərində 207 nəfər şəhid və qazi ailəsinin üzvü işə qəbul olunub.
Orta aylıq əmək haqqı 778 manat təşkil edib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2021-2022-ci tədris ilində 778 manat təşkil edib.
Məktəb direktorları üçün seminar-görüşlər keçirilib
Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri üçün seminar-görüşlər keçirilib.
Seminarlarda məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Diaqnostik qiymətləndirmə nəticələri təhlil olunub
BŞTİ tərəfindən V-IX siniflər üzrə diaqnostik qiymətləndirmə keçirilib və qiymətləndirmənin təhlilləri aparılıb.
Riyaziyyat, xarici dil və tədris dili üzrə keçirilən diaqnostik qiymətləndirmənin əsas məqsədi ötən tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilmə göstəricilərinin müəyyənləşdirilməsindən ibarətdir.
Buraxılış imtahanları üzrə monitorinq keçirilib
Paytaxtın ümumi təhsil müəssisələrinin IX siniflərinin şagirdləri üçün buraxılış imtahanı üzrə 3 monitorinq təşkil olunub.
BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədrisin keyfiyyətini daha da artırmaqdan ibarətdir. Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.
11 424 şagird diaqnostik qiymətləndirmədə iştirak edib
Paytaxtın Səbail rayonu üzrə ümumi təhsil müəssisələrinin II-IX sinif şagirdlərinin iştirak etdiyi diaqnostik qiymətləndirmədə 11 424 şagird iştirak edib.
Daha sonra diaqnostik qiymətləndirmə materialları BŞTİ-nin tabeliyindəki bütün ümumi təhsil müəssisələrinə göndərilib. Yekun nəticələrlə bağlı inkişaf planları təhsil müəssisələrinə təqdim olunub.
84 məktəbdə operativ monitorinqlər keçirilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində tədris prosesinin effektiv təşkili və idarə olunması, təlim-tərbiyənin təşkili vəziyyətini müşahidə etmək məqsədilə 2021-2022-ci tədris ilində 7 qrupdan ibarət komissiya yaradılıb və operativ monitorinqlər həyata keçirilib. İlkin mərhələdə 84 məktəbdə həyata keçirilən monitorinqlər inklüziv təhsil siniflərini də əhatə edib.
Monitorinq prosesi yekunlaşdıqdan sonra təhlillər aparılıb. Monitorinqin nəticələri və müvafiq tövsiyələr təhsil müəssisələrinə təqdim olunub.
Elektron hesabat və təqdimat modeli yaradılıb
2021-2022-ci tədris ilində ümumi təhsil müəssisələrinin idarəedilməsinin optimallaşdırılması baxımından təhsil müəssisələrinin elektron hesabat və təqdimat modeli yaradılıb.
Model müəssisənin təhsil və digər ehtiyaclarının müəyyənləşdirilməsində, həmçinin illik və strateji planlaşdırmada baza rolunu oynayacaqdır. Hesabat forması paytaxtın bütün ümumi təhsil müəssisələrinə təqdim olunub.
Keyfiyyət inspeksiyaları təhlil edilib
2021-2022-ci tədris ili ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən paytaxtın 60 ümumi təhsil müəssisəsində aparılan inspeksiyaların nəticələri üzrə hazırlanmış hesabatlar meyarlar üzrə təhlil edilib, tezislər hazırlanıb. Hesabatlar müvafiq məktəblərə göndərilib.
Azərbaycan dilinin tədrisi vəziyyəti təhlil olunub
2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyində olan təhsil müəssisələrinin V-VIII siniflərinin tədrisi digər dildə aparılan bölmələrində təhsil alan şagirdlərin Azərbaycan dili fənni üzrə bilik və bacarıqlarının monitorinqi aparılıb və nəticələri təhlil edilib.
Bakı Elm Olimpiadası keçirilib
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında Bakı Elm Olimpiadası keçirilib.
Olimpiadanın nəticələrinə əsasən, 20 məktəb final mərhələsində iştirak hüququ qazanıb.
Qeyd edək ki, olimpiadanın yekun nəticələrinə görə ən yüksək nəticə göstərən komandanın beynəlxalq olimpiadada iştirakı təmin ediləcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərin təbiət elmlərinə (fizika, kimya, biologiya) olan marağını daha da artırmaq, bu sahədə nəzəri-təcrübi biliklərini təkmilləşdirmək, onların praktik və yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaratmaq, dərin biliklərə malik şagirdləri aşkar etməkdən ibarətdir.
“Məktəblinin dostu” layihəsi
“Məktəblinin dostu” layihəsi BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil müəssisəsini əhatə edir.
330 min şagirdi əhatə edən layihə üzrə hazırda 314 əməkdaş - məktəblinin dostu çalışır.
2021-2022-ci tədris ili ərzində layihə çərçivəsində təhlükəsizlik, sağlamlıq, sosial-emosional mövzulara dair tədbirlər və xüsusi günlərə həsr olunmuş təlimlər həyata keçirilib.
Layihənin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.
15 məktəbdə peşə təmayüllü siniflər fəaliyyət göstərib
2021-2022-ci tədris ilində paytaxtdakı 15 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.
BŞTİ-nin tabeliyindəki 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
211 layihə qeydiyyatdan keçib
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi çərçivəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri üzrə 211 layihə qeydiyyatdan keçib.
Onlardan 147-si fərdi, 64-ü isə ümumi təhsil kateqoriyası üzrə müəyyən olunub.
Layihənin təşkilində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasından ibarətdir.
“Qazi müəllimlər” kitabı işıq üzü görüb
BŞTİ və “Qafqazinfo.az” xəbər portalının birgə layihəsi əsasında ərsəyə gələn “Qazi müəllimlər” kitabı ictimaiyyətə təqdim edilib.
Paytaxt məktəblərinin Vətən Müharibəsində iştirak etmiş müəllimlərinə həsr olunan kitab gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.
Qeyd edək ki, “Qazi müəllimlər” kitabının ərsəyə gəlməsində verdikləri dəstəyə görə “Qafqazinfo.az” xəbər portalı və “Nar” mobil operatoru BŞTİ tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.
“Müəllimin cəbhə gündəliyi” layihəsi
BŞTİ və Azedu.az Təhsil Portalı tərəfindən I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər keçdikləri döyüş yolu, həmçinin məktəb həyatı və şagirdlərlə münasibətləri barədə danışırlar.
“Mənim məktəbim” layihəsi həyata keçirilir
BŞTİ və ASAN radionun birgə təşkilatçılığı ilə “Mənim məktəbim” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hazırlanan qısa radioçarxlarda məktəblərin inkişaf tarixinin maraqlı məqamları, uğurları və seçilən məzunları haqqında dinləyicilər məlumatlandırılır.
125 məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub
Paytaxtın 125 ümumi təhsil məktəbində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub.
Layihə çərçivəsində 897 müəllim müvafiq təlimlərdən keçərək sertifikat əldə edib. Həmçinin şagirdlər arasında "Qış onlayn yarışı" və “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqələri təşkil olunub.
“eTwinning Plus” layihəsi
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “eTwinning Plus” layihəsində paytaxt müəllimləri fəal iştirak ediblər.
Layihə çərçivəsində Bakıda Türkiyə Respublikasının Təhsil Nazirliyi ilə birgə təşkil olunan ikitərəfli əlaqələndirici seminarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərindən 11 müəllim iştirak edib. Layihə əsasında Gəncə şəhərində keçirilən regional konfransa isə 7 paytaxt müəllimi qoşulub.
“eTwinning Plus” çərçivəsində 26 nömrəli tam orta məktəbin müəllimi Günel Məmmədova “Future Journalists” layihəsində Avropa Mükafatı qazanıb ki, bu mükafat müəllim və şagirdlərin layihədə işlərinə görə ala biləcəkləri ən yüksək mükafat hesab olunur.
Həmçinin layihə əsasında “Mənim böyük ideyam” (“My Big Idea”) mövzusunda müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdləri uğurla iştirak edib, onlardan 67, 80, 202, 245 və 300 nömrəli tam orta məktəblərin şagirdləri qalib adını qazanıblar.
307 məktəbdə “Kiçik Akademiya” fəaliyyət göstərir
BŞTİ-nin tabeliyindəki 307 ümumi təhsil müəssisəsində “Kiçik Akademiya”lar fəaliyyət göstərir.
2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə “Kiçik Akademiya”lara 10 000-dən artıq şagird cəlb olunub. Həmçinin Bakı şəhəri üzrə “Kiçik Akademiya”ların saytı da yaradılıb (bakuka.az).
Qeyd edək ki, “Kiçik Akademiya”ların təşkil olunmasında məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarətdir.
178 məktəbdə STEAM layihəsi tətbiq edilib
BŞTİ-nin tabeliyindəki 178 ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilib.
Bakı məktəbliləri 2021-2022-ci tədris ilində “Texnofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində, eləcə də "Makerthon 2022" yarışında, “Məktəblinin dostu” ilə birgə Zəfər Gününə həsr olunan “Breyn-rinq” intellektual bilik yarışında uğurla iştirak ediblər.
“Texnofest Azərbaycan” festivalında STEAM layihəsinin təşkilatçılığı ilə keçirilən “Baku Skills” müsabiqəsində Bakı şəhəri 81 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb.
Daha bir uğur isə Amerika Birləşmiş Ştatlarında (ABŞ) qazanılıb. Belə ki, STEAM layihəsi tərəfindən keçirilən mühəndislik və robotexnika müsabiqələrindən seçilən istedadlı şagirdlərdən ibarət Azərbaycan komandası ABŞ-da təşkil edilən və dünyanın ən böyük robotatexnika yarışması olan “VEX Robotics World Championship 2022”də “Energy Team” kubokunu əldə edib. 50-yə yaxın ölkədən 4800 komanda və 15000-ə yaxın şagirdin iştirak etdiyi yarışda komandamız ən yaxşı iyirmiliyə daxil olaraq final oyunlarında VI yeri əldə edib. Komandanın tərkibində BŞTİ-nin tabeliyindəki 20 nömrəli məktəb-lisey və 153 nömrəli tam orta məktəbin şagirdləri də yer alıb.
Həmçinin paytaxtın ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət 16 komanda Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş "STEAM Azərbaycan Festivalı 2021"də (“SAF 2021”) qalib olub.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihənin məqsədi müasir çağırışlar əsasında inkişaf etmiş ölkələrdə həyata keçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və tədrisindən ibarətdir.
“Sabahın alimləri” XI Respublika Müsabiqəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən təqdim olunan 65 layihədən 29-u “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştiraka layiq görülüb. Müsabiqədə maraqlı və innovativ layihələrlə qatılan məktəblərdən 1 məktəb I yerə, 4-ü II yerə, 5-i isə III yerə, 1-i isə sertifikata layiq görülüb. Müsabiqədə I yerin sahibi olan Məktəb-Lisey Kompleksinin XI sinif şagirdi Nilgün Məmmədli ABŞ-da keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etməyə haqq qazanıb.
Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir.
“Onlayn kitab klubu” layihəsi
BŞTİ tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihə keçirilib.
İKT-dən istifadə bacarıqlarının mütaliə ilə vəhdətdə inkişafını hədəfləyən layihə üçün “Facebook” sosial şəbəkəsində yaradılmış “Onlayn kitab klubu” səhifəsində (https://www.facebook.com/Onlayn-kitab-klubu-110724968012960) elektron və audio kitabların paylaşımı, müxtəlif kitabların müzakirələri, kiçik rubrikalar əsasında müsabiqələrin təşkili, şagird və müəllimlərin təşəbbüsü ilə kitablarla bağlı fikirlərin paylaşılması və maarifləndirici mövzularda təqdimatlar təşkil olunub.
“Gələcəyə ümid” layihəsi
Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyə ümid” layihəsi həyata keçirilir.
Layihənin məqsədi yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların akademik, sosial bacarıqlarının inkişaf etdirilməsi və psixoloji dəstəyin təmin olunmasından ibarətdir.
“Yaradıcı müəllim” təqdimat müsabiqəsi
BŞTİ tərəfindən "Yaradıcı müəllim" təqdimat müsabiqəsində 59 müəllim öz yaradıcı yanaşmalarına görə fərqlənib. Onlardan 9 nəfər I, II, III yerlərə layiq görülüb, 5 nəfər “Tərifnamə”, 45 nəfər isə “Təşəkkürnamə” ilə mükafatlandırılıb.
Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin keçirilməsində məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.
Aşıq Ələsgər və Azərbaycan folkloruna həsr edilmiş yaradıcılıq müsabiqəsi
Paytaxt məktəblərinin VII-X sinif şagirdləri arasında “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqənin nəticələrinə əsasən, 9 şagird müxtəlif nominasiyalar üzrə I, II, III yerlərə layiq görülüb, 5 şagird həvəsləndirici yeri tutub. 12 şagird “Tərifnamə”, 23 şagird isə “Təşəkkürnamə” ilə təltif edilib.
10 paytaxt məktəblisi ən yaxşı təqdimat müəllifi olub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin şagirdlərindən 3 nəfər I, 2 nəfər II, 2 nəfər III dərəcəli diplomla, 3 nəfər isə “Tərifnamə” ilə təltif olunub.
Paytaxt məktəbliləri “Düşünən oxucu” müsabiqəsində
Məktəblilər arasında “Düşünən oxucu” müsabiqəsi keçirilib.
Müsabiqənin şəhər mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 362 nəfər V-IX sinif şagirdi iştirak edib. Nəticədə 12 şagird müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin ölkə mərhələsinin nəticələrinə əsasən 3 paytaxt məktəblisi diplomla təltif edilib.
“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi
BŞTİ tərəfindən “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsinin məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir.
Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
“Bahar çələngi” layihəsi
BŞTİ tərəfindən “Bahar çələngi” adlı layihə həyata keçirilib.
Layihə çərçivəsində ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində “Bahar çələngi” adlı ədəbi-bədii kompozisiyalar, adət-ənənələrin əks olunduğu seminarlar, konsert proqramları, “Dəyirmi Masa”, intellektual müsabiqə və yarışlar, şagirdlərin əl işlərindən ibarət sərgilər, Novruz mühazirələri, “Novruz bayramı və mətbəx mədəniyyətimiz” adlı kulinariya günləri, idman yarışları və xalq oyunları keçirilib.
Layihənin məqsədi təhsilalanları mənəvi dünyamızın bir hissəsi olan Novruz bayramı, bütövlükdə dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarətdir.
Startapçı məktəblilər barədə layihə
BŞTİ və AzEdu Təhsil Portalı tərəfindən “Məktəbli startapçılar” adlı layihə həyata keçirilir.
Layihə çərçivəsində paytaxt məktəblərində təhsil alan istedadlı, təşəbbüskar məktəblilərin uğurlu startap layihələrindən bəhs olunur. Bakı məktəblərində təhsil alan startapçılar təhsil həyatları, ideyaları, təqdim etdikləri yeniliklər və gələcək planları barədə danışırlar.
Layihənin məqsədi yaradıcı və yenilikləri ilə fərqlənən, məktəbdə öyrəndiklərilə kifayətlənməyib daha çox məlumat əldə etməyə çalışaraq fərqli işlər ərsəyə gətirən Bakı məktəblərinin istedadlı startapçılarını ictimaiyyətə tanıtmaqdan ibarətdir.
“Gündəm təhsildir” adlı müzakirə proqramı
BŞTİ-nin təşkilatçılığı ilə “Gündəm təhsildir” adlı müzakirə proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində təhsil gündəmində olan maraqlı mövzular ətrafında müxtəlif qonaqlarla söhbət aparılır.
“Gündəm təhsildir” proqramının əsas məqsədi özünəməxsus yanaşma, təcrübə və yeni fikirləri ilə fərqlənən, qazandığı uğurlarla təhsil prosesinin iştirakçılarını ruhlandıran şəxslərin çıxışlarına yer vermək və onları geniş ictimaiyyətə təqdim etməkdən ibarətdir.
“Məktəbdə...” layihəsi
BŞTİ tərəfindən "Məktəbdə...” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində ölkənin tanınmış ziyalıları və ictimai maraq doğuran şəxslərlə paytaxt məktəblilərinin görüşləri təşkil olunub.
"Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyilə keçirilən layihənin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.
“Təbiəti qoruyanlar” layihəsi
BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrində “Təbiəti qoruyanlar” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində ümumi təhsil məktəblərində maarifləndirmə görüşləri, müzakirələr, “Açıq dərs”lər, seminar və “Dəyirmi masa”lar, intellektual müsabiqə, debat və yarışlar təşkil olunub. Layihə əsasında məktəb həyətinin təhsilalanlar tərəfindən yaşıllaşdırılması, “Məktəbli bostanı”nın və “Yaşıl siniflərin”, ekoloji guşələrin yaradılması da nəzərdə tutulur.
Təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması, istedadlı və yaradıcı uşaqların aşkara çıxarılması, ətraf mühitin və ekologiyanın mühafizəsi məqsədilə təşkil edilən layihə təqvim ilinin sonunadək davam edəcək.
“Ailəm və məktəbim” layihəsi
BŞTİ tərəfindən “Ailəm və məktəbim” layihəsi həyata keçirilib.
Layihə çərçivəsində peşəkar mütəxəssislərin iştirakı ilə valideynlər üçün təlim və seminarlar, “Hər şey övladımız üçün” başlığı altında tədbirlər təşkil edilib. Valideynlərin ixtisaslarına, iş sahələrinə uyğun olaraq həmin istiqamətlərə maraq göstərən şagirdlərlə görüşləri baş tutub.
Cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qurulması işinə dəstək vermək məqsədilə keçirilən layihə təqvim ilinin sonunadək davam etdiriləcək.
İstedadlı şagirdlər üçün eksternat imtahanları keçirilib
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.
517 nəfər eksternat imtahanlarında uğur qazanıb
Əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 719 nəfər qatılıb. Onlardan 517 nəfəri uğur qazanıb.
Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 140 nəfər, tam orta təhsil səviyyəsi üzrə 377 nəfər uğur qazanıb.
Paytaxt məktəbliləri beynəlxalq elm olimpiadalarında
Paytaxt məktəbliləri 2021-2022-ci tədris ilində ölkəmizi beynəlxalq arenada uğurla təmsil ediblər.
Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.
Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadasında uğurla iştirak edən Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Ramin Qasımlı bürünc medala layiq görülüb.
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, olimpiadada Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə gümüş medala, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə bürünc medalın sahibi olub.
39-cu Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Hiseyin şagirdi Elçin Musazadə bürünc medal qazanıb.
Moskvada keçirilən VI Meqapolislər Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medala layiq görülüb.
Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə III dərəcəli diploma layiq görülüb.
Meksikada təşkil olunmuş “Infomatrix” Beynəlxalq Layihə və Robotexnika Olimpiadasının dünya finalında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin şagirdi Cavid Salam Mirsalayev gümüş medal qazanıb. Qeyd edək ki, “Infomatrix” Beynəlxalq Layihə və Robotexnika Olimpiadasıdır. Azərbaycan məktəbliləri dəfələrlə bu olimpiadanın finalında iştirak edib və medallar qazanıb.
Paytaxt məktəblərində beynəlxalq qiymətləndirmə tədqiqatları
Paytaxt məktəblərində PİSA, PIRLS, ICILS və TIMMS kimi beynəlxalq qiymətləndirmə tədqiqatları həyata keçirilib.
Tədqiqatların məqsədi müxtəlif yaşlı şagirdlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsi, beynəlxalq olimpiadalarda iştirak edəcək məktəblilərin aşkarlanmasından ibarətdir.
Paytaxt məktəbliləri idman sahəsində 561 medal qazanıb
2021-2022-ci tədris ili ərzində paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 253 qızıl, 112 gümüş, 196 bürünc olmaqla, ümumilikdə 561 medal əldə ediblər.
Beynəlxalq arenada fərqlənən məktəblilər:
Paytaxt məktəblisi - 82 nömrəli tam orta məktəbin şagirdi Kamran Kazımov Serbiyada keçirilən dünya çempionatında karate idman növü üzrə I yerə layiq görülüb. Dünya çempionu olan K.Kazımov bu qələbəsinə görə diplom, medal və kuboka layiq görülüb;
Paytaxtdakı 76 nömrəli tam orta məktəbin şagirdi Ruzanna Məmmədova Macarıstanın paytaxtı Budapeşt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilən dünya çempionatında II yeri qazanıb;
Türkiyədə keçirilən muay-tay idman növü üzrə Avropa çempionatında 283 nömrəli tam orta məktəbin şagirdi Xəyal Əliyev bütün rəqibləri üzərində qalib gələrək I yerə layiq görülüb. X.Əliyev bu qələbəsinə görə qızıl medalla təltif olunub.
Paytaxt məktəbliləri Türkiyədə
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvləri və rəhbərləri Türkiyədə keçirilən beynəlxalq uşaq festivalında iştirak ediblər.
İzmir Karşıyaka bələdiyyəsi tərəfindən təşkil olunan festivalda 4 nömrəli UGİM-in “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri milli rəqslərimizi və musiqi nömrələrimizi ifa edib, şeirlər səsləndiriblər. Azərbaycanlı şagirdlərin rəngarəng çıxışları maraqla qarşılanıb.
Təhsil işçiləri üçün təlimlər
Ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlarla “Təhsil müəssisələrində illik fəaliyyətin icra vəziyyəti” mövzusunda seminar-görüşlər keçirilib. Seminar-görüşlərdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğu diqqətə çatdırılıb, məktəb direktorlarına müvafiq məsələlər barədə tövsiyələr verilib.
Ümumi təhsil müəssisələrində yeni fəaliyyətə başlayan direktor müavinləri üçün təlimlər keçirilib. Təlimlər direktor müavinlərinin məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından əhəmiyyətli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən paytaxt məktəblərində fəaliyyət göstərən fənn müəllimləri üçün onlayn və ənənəvi şəkildə metodiki seminar, təlim, vebinar və görüşlər keçirilib, müəllimlərə müvafiq tövsiyələr verilib.
Eyni zamanda, paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə metodiki toplantılar, təhsil işçiləri üçün müxtəlif fənlər üzrə ixtisasartırma təlimləri, müəllimlər üçün məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması, layihə planlaşdırılması, STEAM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası, uşaq psixologiyasının əsasları, müasir öyrənmə nəzəriyyələrinin tədris prosesinə tətbiqi, ümumi və tam orta təhsil səviyyəsində distant təhsilin təşkili metodikası mövzularında təlimlər təşkil edilib.
Nümunəvi tədris planları hazırlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən bütün fənlər üzrə illik və cari planlaşdırma nümunələri hazırlanaraq ümumi təhsil müəssisələrinə göndərilib.
Gənc müəllimlər diqqət mərkəzindədir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral-Gənclər Günü münasibətilə paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.
Görüş çərçivəsində gənc müəllimlərə müvafiq tövsiyələr verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, onları düşündürən məsələlərə aydınlıq gətirilib.
Məktəb psixoloqlarının konfransı keçirilib
Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.
Konfransda şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məsələlər müzakirə edilib, psixoloqların çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin əhəmiyyətindən danışılıb.
Risk qrupuna daxil olan şagirdlərlə bağlı sorğu keçirilib
Bakının Səbail, Xətai, Nərimanov, Nəsimi, Yasamal və Nizami rayonlarında risk qrupuna daxil olan şagirdlərin müəyyən olunması ilə bağlı sorğu keçirilib.
Sorğunun keçirilməsində əsas məqsəd risk qrupuna daxil olan şagirdləri vaxtında müəyyənləşdirmək, onlarla profilaktik işlər görmək və daha ciddi problemlərin başvermə ehtimalını azaltmaqdan ibarətdir.
İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr edilən elmi konfrans
Təhsil Nazirliyi, Təhsil İnstitutu və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtdakı 20 nömrəli məktəb-liseydə “İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfrans keçirilib.
Konfransın təşkil olunmasının məqsədi İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti və onun Azərbaycan təhsilinə, elminə, pedaqoji kadr hazırlığına verdiyi töhfələri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə geniş müzakirə etməkdir.
Ulu öndərə həsr olunmuş onlayn tədbirlər və Heydər Əliyev dərsləri
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbirlər təşkil olunub.
Bakı şəhəri 50 nömrəli tam orta məktəb və Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin birgə təşkilatçılığı ilə ümummilli liderə həsr olunmuş videokonfrans keçirilib.
Həmçinin İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib.
Paytaxt məktəblərində “Nizami Gəncəvi İli”
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Nizami Gəncəvi İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib. Belə ki, ümumi təhsil müəssisələrində "Nizami dünyası” adlı intellektual müsabiqə, “Nizami yaradıcılığı: insanlığa və ədalətə çağırış” mövzusunda onlayn elmi-praktik konfrans, xüsusi dərslər və olimpiadalar keçirilib.
Tədbirlərin keçirilməsinin məqsədi Prezident İlham Əliyevin imzaladığı 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi irsinin öyrədilməsindən ibarətdir.
“Oxu günü” keçirilib
Aprelin 22-də Heydər Əliyev Mərkəzində “Gəlin birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirilib.
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə 4-cü dəfə keçirilən “Oxu günü” uşaq və gənclərin elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədini daşıyır. Tədbirdə paytaxt məktəblərinin şagirdləri müxtəlif təqdimatlarla çıxış ediblər.
Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub
Paytaxtın ümumi təhsil müəssisələri tərəfindən ölkə Prezidentinin sərəncamlarına əsasən, yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş onlayn tədbirlər keçirilib.
Paytaxt məktəbliləri üçün maarifləndirici təlimlər
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən şagirdlərin zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılması, sağlam həyat tərzinin formalaşdırılması, QİÇS, talassemiya ilə mübarizə, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici onlayn tədbirlər keçirilib.
Paytaxt məktəblərində vətənpərvərlik tədbirləri
Paytaxt məktəbliləri arasında Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində "Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə" mövzusunda onlayn dərslər, “Zəfər tarixi” adlı silsilə konfranslar, məktəblilərin 8 noyabr-Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi və Bakı məktəblilərinin Hərbi Qənimətlər Parkına ekskursiyaları təşkil edilib.
Həmçinin Zəfər Günü münasibətilə Vətən Müharibəsində və Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş İdarənin Həmkarlar İttifaqı Komitəsi üzvlərinin, habelə müharibədə və döyüş əməliyyatlarında şəhid olmuş şəxslərin yaxın qohumlarının problemlərinin həllinə köməklik göstərilib.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında keçirilən 8 noyabr–Zəfər Gününə həsr olunmuş “ZəfərFest” Yaradıcılıq Festival-Sərgisində, Nazirliyin təşkilatçılığı, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun tərəfdaşlığı ilə baş tutan “Zəfər yolu” inşa müsabiqəsində uğurla iştirak edən paytaxt məktəbliləri təltif ediliblər. Həmçinin paytaxt məktəblilərinin iştirakı ilə Təsviri Sənət Qalereyasında 8 noyabr-Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi mövzusunda tədbirlər, “Açıq dərs”lər keçirilib.
“Şuşa İli” ilə bağlı silsilə tədbirlər
Paytaxtdakı təhsil müəssisələrində “Şuşa İli” ilə bağlı silsilə tədbirlər keçirilib.
Belə ki, paytaxt məktəblərində “Ata vəsiyyəti – Şuşam”, “Könlüm keçir Qarabağdan”, “Qarabağa qayıtdıq”, “Qalib Şuşa”, “Qüdrətinlə fəxr edirik, Azərbaycan!” adlı tədbirlər, “Şuşa, sən azadsan!” mövzusunda ədəbi-bədii kompozisiya və “Şuşada bir gün” adlı festival təşkil olunub.
Qeyd edək ki, “Şuşa İli” ilə bağlı tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı şagirdlər arasında tanıtmaq və onların xatirəsini yad etməkdən ibarətdir.
Bakı və Şuşa məktəbi arasında saziş imzalanıb
BŞTİ-nin təşəbbüsü ilə paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa 1 nömrəli tam orta məktəbi arasında milli-mənəvi dəyərlərin təbliği, mütaliə mədəniyyəti, yazı vərdişlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyəti əks etdirən əməkdaşlıq sazişi imzalanıb. Əməkdaşlıq sazişi çərçivəsində 2 nömrəli Texniki-Humanitar Liseyin həyətində təşkil olunmuş “Yaşıl körpü” ağacəkmə aksiyasında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə sonsuz minnətdarlığın, vəfa borcunun kiçik bir rəmzi olaraq 44 ağac əkilib.
Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş
BŞTİ tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Vətən Müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib.
Görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Vətən Müharibəsinin iştiakçısı olmuş müəllimləri təbrik edib, Azərbaycan müəlliminin qarşısında duran ən mühüm vəzifələrdən birinin gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək olduğunu nəzərə çatdırıb.
Bakı məktəbliləri partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilib
Paytaxtın ümumi təhsil müəssisələrində müəllim-şagird heyətinin partlayıcı hərbi sursat və mina təhlükəsinə dair maarifləndirilməsi ilə bağlı “Açıq dərs”lər keçirilib.
Açıq dərs”lərin keçirilməsinin məqsəd təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
Paytaxtda 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.
Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Anzor oğlu Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur İsmayıl oğlu Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Vaqif oğlu Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Elşən oğlu Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənovun, 291 nömrəli Ekologiya liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Arif oğlu Hümbətovun adı verilib.
Hazırda paytaxtda 172 məktəb Milli Qəhrəman və şəhid adını daşıyır.
Paytaxt məktəblərində Anım Günü tədbirləri
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Belə ki, Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.
Həmçinin təhsil müəssisələrində Anım Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar keçirilib, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə ekskursiyaları təşkil olunub.
Anım Günü ilə bağlı məktəblərdə Zəfər muzeyləri, lektoriyalar, şəhidlərin büst və barelyefləri açılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.
Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası
BŞTİ tərəfindən 27 sentyabr - Anım Gününə həsr olunan “Hər məktəbdə 44 ağac” devizi altında ağacəkmə aksiyaları keçirilib. BŞTİ-nin tabeliyindəki bütün məktəbləri əhatə etmiş aksiyalar zamanı paytaxtdakı ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, ağaclar əkilib.
Unudulmaz tarixlər
Ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərində ilk dərs və məşğələlər müvafiq tarixlərdə 20 Yanvar hadisələri və Xocalı soyqırımının ildönümünə həsr edilib.
Şəhid övladları diqqət mərkəzində saxlanılıb
BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən (UGİM) “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” mövzusunda layihə təşkil edilib. Layihə çərçivəsində 50-dən çox şəhid övladı Azərbaycanı dünyada tanıdacaq mövzularda rəsmlər üzərində çalışıb. Layihənin sonunda şəhid övladlarının iştirakı ilə “Qəhrəman ataların istedadlı övladları” adlı tədbir keçirilib
Həmçinin 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) dərnək üzvləri Türkiyənin Antalya şəhərində Demre Bələdiyyəsi tərəfindən keçirilən tədbirdə iştirak edərək “Dünya Qarabağ şəhidlərinin və qazilərinin uşaqlarının gözü ilə” layihəsi çərçivəsində şəhid övladlarının çəkdiyi rəsm əsərlərini nümayiş etdiriblər.
“Fibonacci” intellektual oyunu
BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Fibonacci" intellektual oyunu təşkil edilib. Yarışmada “İnkişaf” komandası I, “TDM” komandası II, “Lider” komandası III yerə layiq görülüb. Qalib gələn komandaların üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
Təmir, tikinti, təchizat
2021-2022-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 92 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.
4 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 172, 205, 307 nömrəli tam orta məktəblər).
Ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Hövsan qəsəbəsində yeni məktəb, Binə qəsəbəsində 88, Xocasən qəsəbəsində 33, Yeni Yasamal Yaşayış Massivində 133 nömrəli tam orta məktəblər) tikintisi tamamlanıb.
Eyni zamanda ehtiyac olan ərazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi (292), Binəqədi rayonu və Kürdəxanı qəsəbəsi (304)) tikintisi ilə əlaqədar son tamamlanma işləri aparılır.
Həmçinin hazırda 3 məktəbdə (35, 87, 263) köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.
Birgə fəaliyyət - 151 müqavilə imzalanıb
Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 140 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.
Həmçinin ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin İdarənin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 175 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 11 ikitərəfli müqavilə imzalanıb.
95 mindən çox müraciət daxil olub
2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 95 615 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 72 247 zəng qəbul edilib.
Xüsusi karantin rejimi dövrünün tələblərinə uyğun olaraq, İdarə tərəfindən vətəndaş qəbulu prosesi bir müddət videoqəbul formatında həyata keçirilib. Videoqəbulda iştirak edən 694 vətəndaşın müraciəti İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Vətəndaşların Qəbulu Mərkəzində 5 130 vətəndaşın müraciəti cavablandırılıb.
17 544 sənəd (vətəndaşlar tərəfindən 4 555 ərizə, 3 518 elektron müraciət, Təhsil Nazirliyindən 2 174, digər qurumlardan 1 728, məktəblərdən 3 804 məktub və 1 765 kadr ərizəsi) qəbul olunub.
İctimaiyyətlə əlaqələr genişləndirilir
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində baş verən yeniliklər və İdarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər 2021-2022-ci tədris ilində də müvafiq qaydada yerinə yetirilib.
BŞTİ-nin və təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı dolğun məlumatlar ictimaiyyətə təqdim olunub, media ilə səmərəli əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular cavablandırılıb.
Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün əlverişli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, İdarə rəhbərliyinin və əməkdaşlarının çıxışları və müsahibələri təşkil olunub.
Kütləvi informasiya vasitələri üçün BŞTİ-nin tədris və təqvim ili üzrə ümumi fəaliyyətini əks etdirən qısa hesabatlar hazırlanıb.
Eyni zamanda pedaqoji mətbuat nümayəndələri ilə görüşlər keçirilib. Təhsil Nazirliyi yanında İctimai Şuranın və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsilə ictimai baxış” adlı silsilə müzakirələrdə fəal iştirak edilib.
Həmçinin paytaxt məktəblərinin uğurları, ictimai maraq doğuran şəxslərlə şagirdlərin görüşü və Vətən Müharibəsində iştirak etmiş müəllimlər barədə layihələr də həyata keçirilib.