Zəfər Gününə həsr olunmuş sərgi
Paytaxt məktəblilərinin 8 noyabr-Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil edilib.
Sərgidə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Vətən Müharibəsində iştirak edən müəllimlər, ictimaiyyət nümayəndələri, şagirdlər və KİV təmsilçiləri iştirak ediblər.
Öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva Ali Baş Komandanın qəti mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi nəticəsində Zəfər Gününə gedən yoldan bəhs edib. Bildirib ki, Vətən Müharibəsinin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpaq üçün canından keçməyə hazır olan, xalqın adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir.
Müzəffər ordumuzun yüksək vətənpərvərlik ruhunun formalaşmasında Azərbaycan təhsilinin, müəlliminin mühüm rolu olduğunu deyən M.Vəliyeva müəllimin missiyasının sadəcə öz fənnini tədris etməklə, məktəblilərə bilik və bacarıqlar aşılamaqla yekunlaşmadığını və ən yaxşı müəllimin, ilk növbədə şagirdlərə Vətəni sevməyi öyrədən olduğunu diqqətə çatdırıb.
İdarə müdiri Vətən Müharibəsində iştirak edən Bakı məktəblərinin 38 müəlliminin yalnız sinif otağında deyil, döyüş meydanında da vətənpərvərlik dərsi keçdiyini, yetirmələri ilə çiyin-çiyinə vuruşaraq şanlı tariximizə öz imzasını atdığını söyləyib.
Daha sonra çıxış edənlər 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildiriblər.
Qeyd edək ki, sərgidə 150-dən çox əl işi və rəsm əsərləri nümayiş olunur.