"Zəfər yolu" adlı inşa müsabiqəsində məktəbi təmsil edən şagirdin yazı işi müəyyən olundu
Təhsil nazirinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Zəfər yolu" inşa müsabiqəsinin keçirilməsi haqqında 2021-ci il 24 sentyabr tarixli F-455 nömrəli əmrinə əsasən məktəbin VIII-XI sinif şagirdləri arasında inşa müsabiqəsi təşkil olunub.
Qeyd olunan inşa müsabiqəsinin rayon mərhələsində məktəbimizi təmsil edən şagirdin inşa yazısının müəyyən olunması üçün 11 oktyabr 2021-ci il tarixində məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Xəyalə Qasımova, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən Vahid Əsgərov, Almara Həsənova, Günel Hacıyeva və X sinif şagirdlərindən Nübar Məhərrəmova, Murad İsmayılov, Nəzrin Musazadənin iştirakı ilə tədbir keçirildi.
Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Almara Həsənova öz çıxışı ilə açıq elan etdi. O, öz çıxışında inşa müsabiqəsi haqqında qısa məlumat verdi. Daha sonra məktəbin direktor əvəzi Xəyalə Qasımova ilk öncə Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət dilədi. Tədbirdə iştirak edən müəllim və şagirdlərə qeyd olunan müsabiqədə fəal iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Şagirdlərin də çıxışı dinlənildikdən sonra inşa müsabiqəsinin rayon mərhələsində məktəbimizi X b sinif şagirdi Məhərrəmova Nübarın "Ordumuzun Zəfər yürüşü" adlı inşa yazısı ilə iştirak edəcəyi qərara alındı.
Şagirdimizə müsabiqənin növbəti mərhələsində uğurlar diləyirik.