Daha 4 rayon üzrə “Məktəb hesabatları”dinlənilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb hesabatları”nın dinlənilməsinin növbəti sessiyaları Xəzər, Pirallahı, Səbail və Yasamal rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Dinləmələrdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müdir müavini Xəyalə Əhmədzadə, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev, Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Ümumi sektorun müdiri Sevinc Rəsulova, Təlimə Dəstək Mərkəzinin (TDM) metodisti Turan Zəkəriyəyeva, TDM-in psixoloqu Səidə Əhmədova və məktəb direktorları iştirak ediblər.

Paytaxtdakı 183 və 189-190 nömrəli tam orta məktəblərdə təşkil olunmuş dinləmələrdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları sənədində qarşıya qoyulmuş idarəetmə prinsiplərindən bəhs edib. M.Vəliyeva məktəb mühiti, ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri, hesabatlılıq, təhsil müəssisələrinin fəaliyyətində iştirak edən hər bir kollektiv üzvünün qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış işə cavabdehliyi və vəzifə məsuliyyəti, zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılması, idarəolunma prosesində demokratiklik, şəffaflıq və sistemlilik yaratmaqla nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin tətbiqi kimi məsələlərə dair fikirlərini bildirib.

“Məktəb hesabatları”nın dinlənilməsinin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə danışan İdarə müdiri məktəb direktorlarını maraqlandıran məsələlərə də aydınlıq gətirib.

Məktəb direktorlarının hesabatları dinlənildikdən sonra Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə Xəzər, Pirallahı, Səbail və Yasamal rayonları üzrə ümumi təhsil məktəblərinin tədris göstəricilərinin təhlilinə və IV, VIII, IX siniflərdə keçirilən monitorinq imtahanları və buraxılış imtahanlarının nəticələrinə dair təqdimatla çıxış edib. TDM-in metodisti Turan Zəkəriyəyeva “Məktəbdə idarəetmə və pedaqoji işin təşkili ilə bağlı ehtiyaclar və tövsiyələr” mövzusunda təlim keçib.

Müxtəlif sessiyalarda məktəblərin keyfiyyət göstəriciləri, məktəbdaxili qiymətləndirmə, I sinfə qəbul, məktəbəhazırlığın təşkili, keyfiyyətə nəzarət işi, ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi, təminat-təchizat, təhsil müəssisələrinin uğurlarının daha dolğun təbliği məsələləri barədə fikirlər dinlənilib, təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, “Məktəb hesabatları”nın dinlənilməsinin əsas məqsədi ümumi təhsil məktəblərində təlim-tərbiyə prosesinin təşkili, ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən metodiki işin düzgün qurulması, məktəblərin fəaliyyətində səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabətin yaradılması, istedadlı şagirdlərlə işin düzgün qurulması və olimpiada hərəkatının genişləndirilməsi, uşaqların məktəbəhazırlıq təhsilinin genişləndirilməsi, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi məsələlərinin müzakirəsi və təhsil müəssisələrində tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi