"Vətən sizə oğul dedi" adlı görüş keçirildi
17 fevral 2021-ci il tarixində məktəbin psixoloqu Məlahət Qasımlının təşkilatçılığı, məktəbin bir qrup müəlliminin iştirakı ilə -İkinci Qarabağ müharibəsində şücaət göstərmiş qazilərlə şagirdlərin "Vətən sizə oğul dedi" adlı görüşü keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Daha sonra tədbiri açmaq üçün söz məktəbin direktoru Arizə Mahmudovaya verildi. A.Mahmudova öncəliklə şəhidlərimizdən bəhs edərək onları heç bir zaman unutmayacağımızı, 44 günlük müharibə dövründə xalqımızın Cənab prezidentimiz İlham Əliyevin ətrafında tək yumruq kimi birləşməsini xüsusilə vurğuladı.
A.Mahmudovanın çıxışının sonunda şəhidlərimiz bir dəqiqəlik sükutla anıldı.
Azərbaycanın tarixi qələbəsi, dövlətimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş əsgər və zabitlərin 44 gün ərzində keçdikləri real həyat yolları ilə tanış olduqdan sonra söz məktəb şagirdlərinə verildi. Şagirdlər müharibədə iştirak etmiş, vətənin keşiyində qorxmadan böyük qürur hissi ilə duran əsgər və zabitlərə öz suallarını ünvanladılar.
Şagirdlər vətənpərvərliyə aid gözəl şeirlər səsləndirdilər.
Tədbirdə həmçinin məktəbin müəllimlərindən İbrahim Hüseynovun, Cəfər Ələsgərovun, Vahid Əsgərovun, Şöhlə Həsənovanın çıxışları dinlənildi.
Məktəbin psixoloqu M.Qasımlı çıxışında Vətən müharibəsini Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli və dönməz mövqeyi, həm siyasi, həm də hərbi sahədə hər kəsə nümunə olan savad və bacarığı, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgərlərimizin vətənpərvərlik sevgisi, əsgər analarının duası və ən vacibi milli birliyimiz hesabına bu qələbəni qazandığımızı vurğuladı.
Görüş məktəbin direktoru A.Mahmudovanın müharibədə şücaət göstərmiş qaziləri, müəllim-şagird kollektivini qələbə münasibətilə təbrik etməsi ilə yekunlaşdı.
Onu da qeyd edək ki, tədbir xüsusi karantin rejmində pandemiya qaydalarına riayət olunmaqla keçirilmişdir.