NUR ÜZLÜ ŞƏHİDİMİZ

Bu gün məktəbimizdə nur üzlü  şəhidimiz  İsmayılzadə Vüsal Əlibəndə oğlunun doğum günü qeyd olundu. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov başda olmaqla məktəb rəhbərliyi və müəllimlər, Xəzər rayon Qazilər İttifaqının sədri və qazilər, şəhidin babası, anası Lalə müəllim və bacısı, sinif rəhbəri Kəmalə müəllim və sinif yoldaşları, məktəbin 6f sinfinin şagirdləri istirak etdilər.  İştirakçılar şəhidin həyatından xatirələr danışdılar, şagirdlər şeirlər söylədilər, videoçarxlar göstərildi. Məktəb tədbirindən sonra şəhid Vüsal İsmayılzadənin qəbri Xəzər rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov, bir qrup nümayəndə heyəti  və məktəb kollektivi ilə bərabər ziyarət edildi.

-İsmayılzadə Vüsal Əlibəndə oğlu 17 oktyabr 2001-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Buzovna kəndində böyüyüb boya çatıb. 2007-ci ildə 322 saylı tam orta məktəbin 1A sinif şagirdi olub. 2018-ci ildə həmin məktəbi bitirib. 2019-cu il oktyabr ayının 23-də hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olduğu müddətdə zabit və əsgər yoldaşlarının rəğbətini qazanmışdır. O, çox vətənpərvər və dostlarını sevən biri idi. 2020-ci il sentyabr ayının  27-də Vətən müharibəsi başlayanda Vüsal və əsgər yoldaşları hərbi hissədən cəbhə bölgəsinə yollanırlar. Əvvəlcə Füzuli, daha sonra Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasında iştirak edir. Vüsal Xocavənd uğrunda gedən döyüşlərdə əsgər yoldaşları ilə birlikdə raket atəşinə tuş gəlir və ağır yaralanırlar. Vüsal böyründən yaralanır. Yaralıları aparmağa gələn maşına Vüsal özü yaralı olsa da minmir və yaralı dostlarını maşına mindirməyə kömək edir. Əsgər yoldaşlarının bir neçəsinə yer olmadığı üçün təkidlərə baxmayaraq dostlarını yaralı vəziyyətdə buraxıb getmir. Dostlarının yanında qalıb yaralıları aparan maşını gözləyir. Yaralı olduğu üçün həddən artıq qan itirir və hərbi hospitala çatdırılarkən Şəhidlik zirvəsinə ucalır... İsmayılzadə Vüsal 2020-ci il oktyabrın 23-də Buzovna Şəhidlər Xiyabanında torpağa tapşırılır. Vüsal ölümündən sonra Ali Baş Komandanın Sərəncamı ilə “ Vətən uğrunda ”, “ Füzulinin azadlığı uğrunda ”, “ Cəbrayılın azadlığı uğrunda ”, “ Xocavəndin azadlığı uğrunda ” medalları ilə təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi