Şəhid Məzahir İzzət oğlu Rüstəmovun anım günü

2 mart Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun doğum günüdür. Şəhidin anım günü adını daşıdığı məktəbdə də qeyd edilmişdir. Tədbir Şəhidlər xiyabanında şəhidin məzarını ziyarətlə başlamışdır.Sonra məktəbdə şəhid Məzahir Rüstəmovun xatirəsinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.Mərasimdə məktəbin direktoru Sevda Abdullayeva şəhidin keçdiyi həyat yolu haqqında danışmışdır. Bildirilmişdir ki, Məzahir İzzət oğlu Rüstəmov 1960-cı il martın 2-də Bakı şəhərində anadan olub. O, 1992-ci ildə könüllü olaraq müharibəyə gedib, Gədəbəyin Şınıx bölgəsində bir zabit kimi vuruşub, vzvod komandiri olub. Düzrəsullu, Mutudərə və digər kəndlərin müdafiəsində iştirak edib. 1992-ci il avqustun 6-da ermənilərin Mutudərə kəndinə hücumunun qarşısını almaq üçün döyüşə rəhbərlik edib, son nəfəsinə qədər döyüşüb, sonda düşmənin əlinə keçməmək üçün özünü qumbara ilə partladaraq qəhrəmancasına həlak olub. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Tədbirdə şagirdlərin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.