XOCALI FACİƏSİ - XALQIMIZIN QAN YADDAŞI

24 fevral 2015-ci il tarixdə Nizami rayonu Məzahir Rüstəmov adına 32 №-li tam orta məktəbdə Xocalı faciəsinin ildönümünə həsr olunmuş "Xocalı - qan yaddaşımız" adlı ədəbi-bədii gecə keçirildi. Əvvəlcə şagirdlər Dövlət himnini söylədilər. Üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. Vətənimizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan gecənin aparıcıları Xocalı faciəsi haqqında geniş məruzə ilə çıxış etdilər. Qeyd olundu ki, ermənilər öz məkrli niyyətlərini həyata keçirmək üçün Xocalını təsadüfən seçməmiş, bu şəhərin mühüm strateji əhəmiyyətə malik olmasını, bölgədə yeganə aeroportun burada yerləşməsini nəzərə almışdır.Məktəbin direktoru, Əməkdar müəllim Sevda Abdullayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımından danışdı. Bildirdi ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyevin müdrik və sülhsevər siyasəti sayəsində atəşkəsə nail olunmuş, 1994-cü ildə bu dəhşətli faciəyə siyasi qiymət verilmişdir. Dünya ictimaiyyəti bu acı həqiqəti bilməli və insanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır.Tədbirdə iştirak edən qonaqlar çıxışlarında azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törədilən vəhşi hərəkətlərdən ürəkağrısı ilə söz açdılar. Bildirildi ki, Xocalı faciəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq.Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı Xocalı soyqırımı, erməni daşnaklarının vəhşiliklərini, amansızlıqlarını əks etdirən videogörüntülər göstərildi.Sonda məktəbin şagirdləri müdhiş gecəyə aid "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.