"Ebru sənəti"

7 dekabr 2018-ci il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin 4 “A” sinfi Bakının IV mikrorayonunda yerləşən “Smart Kids” Uşaq sənətkarlığı emalatxanasında ebru sənəti üzrə ustad dərsində (master klasda) iştirak etmişdirlər. Sinif rəhbəri Məmmədova Solmaz tərəfindən təşkil olunmuş emalatxanaya ekskursiya uşaqlarda incəsənət, həyat bilgisi və texnologiyaya marağın artırılması məqsədi daşıyır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu tərəfindən keçirilmiş master klas zamanı şagirdlər su üzərində yaradılan rəsm ilə tanış olmuş, onlara bu peşə ilə məşğul olmağın yolları öyrədilmişdir. Qeyd edək ki, “ebru” çağatay dilində “dalğavari”, farsca “bulud” və ya “suyun üzü”, ərəbcə isə “üz üçün su” mənalarını verir. Ebru sənətinin mənşəyi barədə müxtəlif versiyalar var. İddia olunur ki, ebrunun vətəni Hindistandır və farslar hindlilərdən, osmanlı türkləri isə farslardan öyrənmişlər. Başqa tədqiqatlar isə ebrunun XIII əsrdə Türküstan və Səmərqənddə yarandığını göstərir. İstənilən halda bu sənət hal-hazırda türk ebruzənləri tərəfindən yaşadılır.
Ustad bildirmişdir ki, ebru sənəti rənglərin yarada bildiyi tükənməz möcüzələri özündə daşıyır. Burada boyalar və rəsm alətləri əsasən təbiətdən alınmış materiallardan düzəldilir. Su üzərində zövq oxşayan rəsmlər çəkmək uşaqların daxili istedadlarını üzə çıxarmağa, özünəəminliyi artırmağa və motorikanı inkişaf etdirməyə kömək edir.
Master klas zamanı şagirdlər ebruzənin köməyi ilə su üzərində rəsmlər çəkməklə xüsusi zövq almışlar. Ustad dərsinin sonunda məktəblilər müxtəlif ebru rəsmlərini hədiyyə olaraq əldə etmişdirlər.