"Şagirdlərin peşə seçimi"

Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır. Hər bir insanı hansı peşəni seçəcəyi, hansında uğur qazanacağı fikri düşündürür. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəsisinə də çevrilə bilir. Bəyənmədiyin,sevmədiyin işi yerinə yetirmək çox çətin və maraqsız olur, adam işdən yorulur, bezir, işinin nə vaxt qurtaracağını səbirsizliklə gözləyir. Çox zaman gənclər peşəni seçərkən hansı sahənin daha çox pul gətirəcəyi haqda fikirləşirlər. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsədi ilə yox, həm də özünü ifadə etmək, doğrultmaq üçün seçilməlidir. Peşənin insan həyatında rolu yüksəkdir. Peşə insanın gələcəyini təmin edir. Ona görə də hər kəs peşə seçərkən düzgün seçim etməlidir.
29 noyabr 2018-ci il tarixində Suraxanı rayonu 316 nömrəli tam orta məktəbdə də “Şagirdlərin peşə seçimi” başlığı altında maraqlı tədbir keçirildi.Tədbirin hazırlanmasında əsas məqsəd şagirdlərə peşə seçimində köməklik edilməsi idi. Şagirdlər müxtəlif peşələr haqqında maraqlı səhnəciklər hazırladılar. Peşə nədir, hansı peşə daha yaxşıdır, peşə seçiminin əhəmiyyəti haqqında müxtəlif slaydlar hazırlandı. Təbdir biologiya və texnologiya müəllimlərinin rəhbərliyi altında hazırlandı.