Müstəqilliyin 27-ci ildönümü...

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Bu gün hər il 18 Oktyabrda qeyd edilir. Məktəbin Fəaliyyət planına uyğun olaraq “18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi günü” ilə əlaqədar olaraq məktəbimizdə də geniş tədbir keçirildi. Tədbirdə məktəbimizin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular, şeirlər söylədilər. Şagirdlərimizin milli rəqsləri isə diqqəti daha çox cəlb edirdi. Qeyd edək ki, XX əsrin sonlarında SSSİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ciildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya “Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.