Mütaliəni həyat tərzinə çevirək

13 mart 2019-cu il tarixdə 313 nömrəli məktəbdə “Mütaliəni həyat tərzinə çevirək” devizi ilə V, VI və VII sinif şagirdləri arasında Mirzə İbrahimovun “Cənub hekayələri” silsiləsindən “Azad” və “Tonqal başında” əsərləri müzakirə olunmuşdur. Tədbirin keçirilməsində məqsəd şagirdlərin mütaliəyə istiqamətləndirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, bədii əsərlərin oxusuna marağın artırılması olmuşdur. Bir çox hallarda həyat yolunun müəyyənləşdirilməsində və vətəndaşlıq tərbiyəsində oxunun rolu müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq diqqətə çatdırılıb ki, yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərin qorunmasına töhfə verə bilər. Məhz bu baxımdan “Azad” və “Tonqal başında” hekayələrinin müzakirəsinin keçirilməsi məqsədə müvafiqdir. Tədbirin sonunda şagirdlər fikirlərini ümumiləşdirərək belə bir qənaətə gəldilər ki, hər iki əsərin əsas ideyası soykökümüzə, milli folklorumuza bağlılıq, azadlıq-istiqlaliyyət arzusudur. Sonda şagirdlər bütün tarixi torpaqlarımızı birləşdirərək o taylı, bu taylı bütöv Azərbaycanı azad, müstəqil görmək arzusunda olduqlarını bildirdilər.