Mehdi Hüseynin "Odlu qılınc" hekayəsi səhnələşdirildi

Xalqımızın qəhrəmanlıqlarla dolu ulu keçmişi vardır. İstər tarix, istərsə də ədəbiyyat dərslərində şagirdlərimiz bu keçmişin şanlı səhifələri ilə tanış olurlar. Şagirdlərimizdə vətənpərvərlik duyğusunu formalaşdırmaqda ədəbiyyat dərsləri daha geniş imkanlara malikdir. Belə ki, milli-mənəvi dəyərlərimizin yaşadılmasında, qorunub gələcək nəsillərə çatdırılmasında ədəbi əsərlərin böyük rolu vardır. Şagirdlərdə vətənpərvərlik hissini formalaşdırmaq üçün ən yaxşı vasitələrdən biri ilk növbədə bədii əsərlərin səhnələşdirilməsidir. Şagird obraza girib onu yaşadıqca və yaşatdıqca onun qəlbində qürur hissi baş qaldırır, xalqımızın qəhrəmanlıqlarla dolu keçmişi olduğunu və bu keçmişə layiq gələcək yaratmağı özünə borc bilir, bu istiqamətdə tərbiyə olunur və formalaşır.Bu gün məktəbimizin ədəbiyyat müəllimi Vəliyeva Təranə Mehdi Hüseynin "Odlu qılınc" hekayəsini 7c sinif şagirdlərinin təqdimatında səhnələşdirmiş şəkildə təqdim etdi. Tədbirdə məktəbin müəllim , valideyn və şagird kollektivi iştirak edirdi. Əsərin səhnələşdirilməsi çox uğurlu alınmışdı və şagirdlər böyük sevgiylə Cavanşir, Varaz, Cavahir Xatun, Urmuz surətlərini yaradırdılar. Tədbir gurultulu alqışlarla yekunlaşdı. Sonda məktəbin direktoru Zakir Bayramov gələnlərə təşəkkür edərək bildirdi ki, belə tədbirlərin həyata keçirilməsi şagirdlərin fəallığını daha da artırır və gənc nəsildə vətənpərvərlik, milli mənlik şüurunu formalaşdırır. Şagirdlərimizin vətənə bağlı vətənpərvər bir insan kimi yetişəcəklərinə inamını ifadə edən direktor bir daha vurğuladı ki, gün gələcək bu gün Cavanşir və Girdiman cəngavərlərinin obrazlarını yaradan şagirdlər silaha sarılaraq vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi