Vətən öz qəhrəmanlarını unutmur

Rəsmi dövlət sənədi olan ədəbiyyat proqramında deyilir: "Ədəbiyyat tədrisinin ali məqsədi yüksək ideya-bədii dəyərə malik əsərlərin öyrənilməsi əsasında şagirdlərin dünyagörüşünü genişləndirmək, milli və beynəlmiləl dəyərləri mənimsətmək, nəticə etibarilə onların vətənpərvərlik ruhunda tərbiyə olunmalarına kömək etməkdir." Bu göstəriş əslində ədəbiyyat fənninin məzmununun müəyyənləşdirilməsində bir istiqamət xarakteri daşıyır. Bu istiqaməti əldə rəhbər tutaraq hər bir ədəbiyyat müəllimi çalışmalıdır ki, üstünə düşən vəzifələri layiqincə yerinə yetirsin. Bildiyimiz kimi, artıq neçə illərdir ki, Azərbaycanda yeni təhsil proqramı(kurikulum) tətbiq edilməkdədir. Və bu proqramın ənənəvi təhsil proqramından bir sıra üstünlükləri mövcuddur. Müasir ədəbiyyat dərsliklərimiz də bu kurikulum əsasında tərtib olunur. Hazırkı ədəbiyyat dərsliklərimizin sonunda hər yarımil üzrə "Layihələr üzrə iş" başlığı altında müəyyən layihələr verilir və məktəbimizin ədəbiyyat müəllimləri onları şagirdlərimizlə birlikdə həyata keçirirlər. Belə layihələrdən biri də "Vətən öz qəhrəmanlarını unutmur" adlı şəhid qəhrəmanlara həsr edilmiş ədəbi-bədii gecənin hazırlanması ilə əlaqədar idi. Yanvarın 26-da məktəbin ədəbiyyat müəllimi Vəliyeva Təranə tərəfindən tədris etdiyi 7B, 7C, 7Ç, 7D siniflərində bu layihə uğurla reallaşdırıldı. Şagirdlər böyük ruh yüksəkliyi ilə şəhid qəhrəmanları yad etdilər, onların vətən uğrunda şücaətlərindən danışdılar, bugünkü gün azad və rifah yaşamalarını məhz onlara borclu olduqlarını qeyd etdilər. "İgid əsgər, möhkəm dayan!!!" mahnısını böyük ruh yüksəkliyi ilə oxuyaraq layihəni gurultulu alqışlarla sonlandırdılar.