"Qarabağ həftəsi" layihəsi çərçivəsində "Yaddan çıxmaz Xankəndim-Qarabağ" tədbiri

27 may 2016-cı il tarixdə 313, 217 və 103 nömrəli orta məktəblərin birgə təşkilatçılığı ilə Binəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və idman İdarəsinin birgə təşəbbüsü ilə həyata keçirilən “Qarabağ həftəsi” layihəsi çərçivəsində Xankəndi rayonuna həsr olunmuş “Yaddan çıxmaz Xankəndim-Qarabağ” adlı təqdimat keçirildi. Təqdimatda münsiflər heyətinin üzvü, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, təşkilatın əməkdaşları Kubra Əliyarlı, Səbinə Zeynalova, Zamin Süleymanov, , 313 nömrəli orta məktəbin direktoru Zakir Bayramov, 217 nömrəli məktəbin direktoru Bənövşə Cəfərova, məktəblərin müəllim, şagird kollektivi iştirak etdilər. Təqdimata başlamazdan öncə əməkdar artist, xanəndə Elnarə Abdullayevanın “Şuşam yerindəmi?” adlı ifası videçarx vasitəsilə təqdim edildi. Daha sonra təqdimata “Qarabağın qürbətdəki girov qızı Ağabəyim Ağa” adlı səhnəcik nümayiş etdirildi. Səhnəcikdə Ağabəyim Ağa ilə İran şahı Fətəli şah arasında baş verən dialoq canlandırılaraq Şuşa, Xankəndi, Qarabağ həsrətindən bəhs edildi. Səhnəcik Ağabəyim Ağanın bayatısı ilə yekunlaşdı. Daha sonra təqdimatda müğənni Səxavət Məmmədovun “Xarı Bülbül” mahnısının ifası videoçarx vasitəsilə təqdim edildi. Sonra səhnəyə çıxan aparıcılar Xankəndinin tarixi haqqında slaydlarla ətraflı məlumat çatdırdılar. Bildirildi ki, Azərbaycanın əzəli-əbədi torpağı olan Xankəndi rayonunun əsası XVIII əsrin 60-cı illərində Qarabağ xanı İbrahimxəlil xan tərəfindən qoyulub. Slaydda Xankəndi rayonu haqqında bütün tarixi hadisələr xronoloji ardıcıllıqla təqdim edildi. Xankəndi rayonu haqqında təqdimatda həmçinin Gülüstan müqaviləsinin mahiyyəti çatdırıldı və şagirdlərin ifasında “Gülüstan” poemasından şeir səsləndirildi. Və nəhayət 1993-cü ilin dekabrın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən işğal olunması və indiki vəziyyətindən bəhs edən videoçarx göstərildi. Müğənni Tacir Şahmalıoğlunun ifasında “Bayatı-Şiraz”la izlənilən videoçarxda erməni vandallarının işğalçılıq siyasəti və bütün Qarabağın vəhşicəsinə dağıdılması faktları çatdırıldı.Təqdimatda həmçinin “Xurşudbanu Natəvan” səhnəciyi nümayiş etdirildi. Səhnəcikdə Xurşudbanu Natəvanın ruhunun Xankəndinə gəldiyi ürəkağrısı ilə təqdim edildi. Səhnəciyin sonunda Azərbaycan əsgəri gələrək Natəvanın ruhunu sakitləşdirir və güclü ordumuz sayəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağını bildirir.Təqdimat məktəblərin istedadlı şagirdlərinin ifasında “Azərbaycan” mahnısının (xorda) oxunması ilə yekunlaşdı.Təqdimatda çıxış edən 313 saylı orta məktəbin direktoru Zakir Bayramov vətənpərvərlik layihələrinin yeniyetmə və gənclərimizin vətənə məhəbbət ruhunda tərbiyə olunmasındakı əvəzsiz rolundan danışdı. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğuladı.YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva təqdimatda çıxış edərək “Qarabağ həftəsi” layihəsi haqda məlumat verdi. Ölkəmizdə güclü vətənpərvər gəncliyin yetişdiyini və bununla qürur duyulduğunu söylədi. Cari ilin aprel ayında cəbhə bölgəsində baş verən atışmalardan söhbət açaraq şəhid olmuş və yaralanmış oğlullarımızın qəhrəmanlıqlarından bəhs etdi. Azərbaycanın güclü ordusunun Qarabağ torpaqlarını işğaldan azad etmək əzmində olduğunu vurğuladı.