Müasir dövrdə Azərbaycan – Türkiyə münasibətləri və Türkiyənin bölgədəki fəaliyyəti.

Beynəlxalq aləmdə baş verən hadisələrin dinamik inkişafı ölkələrin davranışında  tarixi dəyişmə zəruriyyətini şərtləndirən əsas amillərdəndir. İki qardaş ölkənin – Azərbaycan və Türkiyənin uğurla inkişaf etməsi, bölgədə xüsusi çəki qazanmaqla nüfuz sahibinə çevrilmələri yeni bir düzəmin formalaşması istiqamətində həyata keçiriləcək işlərə start verdi.

Türkiyənin bu gün dünya miqyasında bir güc mərkəzinə çevrilməsi bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət əhəmiyyət kəsb edir və bu bölgənin sabitliyi üçün çox faydalıdır.

30 ilə yaxın düşmən təcavüzünə məruz qalmış torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycn ordusu üçün, əlbəttə, çətin bir məsələ deyildi. Lakin, bu işğalın davam etməsində maraqlı olan digər ölkələr, xüsusən Rusiya böyük maneə idi. Yaranmış əlverişli tarixi şərait Türkiyə dövlətinin hərəkətə keçməsinə müsbət mənada zəmin yaratdı. Qardaş ölkə xüsusi davranış nümayiş etdirdi. Bu davranış sülhə, sabitliyə ən başlıcası ədalətə hesablanmış bir fəaliyyət idi. 27 sentyabr 2020-ci il tarixdə müharibə başlayan ilk gündən Türkiyə Azərbaycanın haqq işinə öz dəstəyini ifadə etdi. Bütün dünyaya Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün mücadilə etdiyini mesaj olaraq bildirdi. Türkiyənin prezidenti ilk gündən açıqlama verdi ki, Azərbaycan tək deyil və biz onun yanındayıq. Bu isə bir çox ölkələrə açıq şəkildə ifadə edilən xəbərdarlıq idi: “Kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.” Əslində Azərbaycan tərəfinə bu kifayət edirdi ki, öz qüvvəsini reallaşdırsın. Həm ordu, həm də bütövlükdə xalq torpaqlarımızı azad etməkdən ötrü bu mücadiləyə sanki təşnə idi. Ardınca Türkiyənin Müdafiə naziri, Xarici İşlər naziri və digər yüksək vəzifəli rəsmilərinin birmənalı olaraq Azərbaycana dəstək vermələri ölkəmizə verilən çox böyük siyasi və mənəvi dəstək idi ki, bu da bütün dünyaya bir siqnal oldu.

Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi bütün bölgələrdə, o cümlədən bizim bölgəmizdə çox müsbət rol oynayır və bu bölgənin sabitliyi üçün çox önəmlidir. Türkiyə Müdafiə Nazirliyinin yüzdən çox mütəxəssisi artıq Azərbaycana ezam edilib və hazırda burada fəaliyyətlərini uğurla davam etdirirlər.

2020-ci il 10 noyabr tarixli bəyanatın bir bəndi Ermənistan ərazisindən Azərbaycanı onu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanın Türkiyə ilə,  eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhlizin açılması barədə idi. Bu isə bölgədə Türkiyə ilə Azərbaycanın böyük planlarının reallaşacağı deməkdir.

Bu gün yaşadığımız postmüharibə dövrü bir çox reallıqları ilə qarşımızdadır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox unikal imkanlar yaradır və bu imkanlar məhz Azərbaycan və Türkiyənin iradəsindən əhəmiyyətli dərəcədə asılıdır. Ermənistana gəldikdə isə qeyd etməliyik ki, o da bu prosesin bir tərkib hissəsi olmalıdır. Belə ki, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməyə məhkumdur. Əgər o, bu şansı əldən verərsə, vəziyyəti əlbəttə daha da ağırlaşacaq. Hərbi cəhətdən darmadağın edilmiş sosial və iqtisadi cəhətdən böhran içində yaşayan Ermənistan sülh və əməkdaşlıq yolunu tutmalıdır.

Azərbaycan və Türkiyə isə dövlət olaraq hər vaxt bölgədə əməkdaşlıq, sülh və qarşılıqlı etimadı əsas götürmüş və bundan sonra da bu istiqamətdə uğurlu fəaliyyətlərini inkişaf etdirəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi