İkinci Qarabağ müharibəsində Azərbaycan ordusunun şanlı qələbəsini şərtləndirən amillər.

Qəhrəman Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etməkdən ötrü qarşıda duran vəzifələrini yaxşı dərk edirdi. Elə bu səbəbdən də 2020-ci ilin 27 sentyabrında başlayan müharibənin ilk günlərindən düşmənə sarsıdıcı zərbələr endirildi. Artıq Azərbaycan ordusu öz hədəfini çox dəqiq seçmişdi. Hədəf - işğal altında olan torpaqlarımızın hər qarışının azad olunması, Azərbaycanın hərbi qələbəsinin təmin edilməsi idi.
Mütəşəkkil ordu quruculuğunun həyata keçirilməsi, orduda yüksək hərbi intizam qələbəmizi şərtləndirən amillərdən biri idi. Orduda polad intizam, Ali Baş Komandanın əmrinə müntəzir olmaq, yüksək döyüş ruhu bu məsələdə əsas götürülməlidir ki, onu da biz bütün dünyaya nümayiş etdirə bildik.
30 ilə yaxın davam edən işğal zamanı az qala bütün dünya bu münaqişənin hərbi yolunun olmadığını, bu problemin yalnız danışıqlar yolu ilə həllini tapmalı olduğunu söyləyirdi. Lakin, Azərbaycan respublikasının prezidenti, Ali Baş Komndan İlham Əliyev bu münaqişənin hərbi yolunun da mövcud olduğunu dəfələrlə söyləmişdi. Həyat kimin haqlı olduğunu göstərdi. Bir daha Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi sübut olundu.
Azərbaycan əsgəri bu döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərdi. Cəmi 44 gün davam edən döyüşlərdə hərbi birləşmələrimizin misilsiz qəhrəmanlığı və mərdliyi dünyanı heyran qoydu. Məhz bu səbəbdən hazırda dünyanın müxtəlif hərbi məktəblərində Azərbaycan ordusunun döyüş taktikası öyrənilir. Ordumuzun peşəkarlığının düşmən tərəflə müqayisədə dəfələrlə yüksək olması da, qələbəmizi şərtləndirən əsas amillərdən idi. Azərbaycanın Xüsusi Təyinatlıları və digər hərbi birləşmələrimiz görünməmiş qəhrəmanlıq və fədakarlıq göstərdilər. Silahdan minumum səviyyədə istifadə etməklə, sal qayalara dırmaşmaq, müdafiə xəttini yarmaq, Şuşa kimi həm müqəddəs, həm də alınmaz qalanı düşməndən azad etmək yalnız Azərbaycan əsgərinə xas olan qəhrəmanlıqdır.
Ordumuzun qələbəsini şərtləndirən amillərdən biri də düzgün planlaşdırma, yüksək səviyyədə rəhbərlik və komandanlıq olmuşdur. Ali Baş Komandan İlham Əliyevin düzgün və dəqiq strateji planlaşdırması ordumuzu qələbədən-qələbəyə aparırdı. Bütün elementlərin düzgün kombinasiyası; kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları bizi qələbəyə gətirib çıxartdı.
Ordumuzun böyük qələbəsində bütün qoşun növlərinin rolu danılmazdır. Burada Xüsusi təyinatlıların, Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrini, Daxili Qoşunların, Kəşfiyyat və Təhlükəsizlik Xidmətlərinin, Naxçıvan ordusunun Xüsusi qüvvələrinin göstərdikləri qəhrəmanlıqla onların vahid komandanlıq altında uğurlu fəaliyyət göstərmələri danılmaz bir faktdır.
Qələbəmizi şərtləndirən digər amillərdən biri də ideoloji sahədə fəaliyyətimizin düzgün təşkil edilməsi idi. Həm ölkədə fəaliyyət göstərən media qurumları, həm də xarici ölkələrin mətbuatına ötürülən informasiyalar müharibənin gedişini tam təfərrüatı ilə əks etdirirdi. Ən başlıcası isə ölkə prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı sanki dünyanın gündəmini silkələyirdi. Dünya insanları bu konfranslardan sonra Azərbaycanın haqlı durumda olduğunu etiraf etməli olurdular.
Ölkə prezidenti bir çox həqiqətləri elə aydınlıqla ifadə edirdi ki, bu məntiqdən heç kəs qaça bilmirdi. Prezident aydın şəkildə bildirirdi ki, biz əməkdaşlığa açıq olan bir ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar və hazırda yaşayırlar. Bizim ölkəmizdə heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır, hazırda Azərbaycanda minlərlə erməni yaşayır.
Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər, bizim ölkəmizdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycanda müxtəlif dillərdə danəşan bütün insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsil və dini etiqad hüquqları qorunur. Azərbaycan ordusunun qələbəsini şərtləndirən amillərdən biri də monolit İktidar-Xalq-Ordu birliyi idi. Xalqın ölkə prezidenti, Ali baş Komandan ətrafında sıx şəkildə birləşməsi ölkə əhalisinin ordumuza olan isti münasibəti və sonsuz məhəbbəti bizi əlbəttə ki, qələbəyə aparırdı. Gənclərimizin könüllü şəkildə ordu sıralarına yazılmaları torpaqlarımızı azad etməyə sevinə-sevinə getməsi insanlarımızın nə qədər vətənpərvər olduğunu sübut edən faktorlar idi.
Beləliklə, 44 gün davam edən müharibədə Azərbaycan ordusu şanlı bir tarix yazdı. O, bütün dünyaya sübut etdi ki, biz işğalla barışmayan, haqqını canı və qanı hesabına almağı bacaran, yenilməz, qəhrəman bir xalqıq. Belə xalqlar isə bütün tarixlər boyu var olublar və var olacaqlar.