“Böyük Qayıdış”ın növbəti zəfəri-Şuşa qayıdışı

Prezident İlham Əliyevin cari ilin 10 may tarixində Şuşada şəhərə köçmüş ilk sakinlərlə görüşü ilə əlaqədar
“Böyük Qayıdış”ın növbəti zəfəri-Şuşa qayıdışı
Şuşa qayıdışı dedikdə hər bir Azərbaycanlının qulağında o möhtəşəm səs canlanır:
Əziz Şuşa, sən azadsan, əziz Şuşa, biz səni dirçəldəcəyik, Əziz Şuşa, biz qayıtmışıq!!!
44 gün ərzində davam edən haqq savaşımızda böyük bir qəhrəmanlıq salnaməsi yazıldı. Həmin günlərdə bütün xalqımız ayaq üstə idi, kiçikdən böyüyə hər kəs vətən adına səfərbər olmuşdu, hər bir insan öz durduğu yeri sanki özünün səngəri bilirdi, insanlardan barıt qoxusu gəlirdi. Mərdə, qəhrəmana, vətənin dar günündə atlanaraq silaha qurşanıb yağıların üstünə şimşək kimi şığıyan, nərəsi ilə tufan qoparan igidlərə ümumxalq məhəbbəti, el hörməti tükənməz idi. Bütün bu milli birliyimizi yaradan isə mənəvi gücümüz idi. Xalqımız ordumuza mənəvi cəhətdən dayaq oldu. “Ordum varsa, yurdum var” ifadəsi vətən müdafiəçilərini döyüşə ruhlandıran xalq bu gün öz doğma yurd-yuvalarına qayıdır. Qürurla qeyd edə bilərik ki, xalqın və ordunun daima arxasında olan və apardığı uğurlu siyasətlə bizi qələbəyə səsləyən Cənab prezident İlham Əliyev həmin günlərdə demişdir:
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Bəli, artıq müzəffər xalq və müzəffər dövlət kimi yaşadığımız, düşmənə göz dağı verdiyimiz dövrdə yaşayırıq. Bunun ən bariz nümunələrindən biri 8 may tarixində Şuşa şəhərini yenidən canlandıran, Şuşalıların öz evlərinə, doğma yurd-yuvalarına dönüşüdür. Bəli bu Şuşaya gedən ilk karvandır, ardı gələcək!
Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq. Prezident İlham Əliyev 10 may tarxində Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaətini qeyd edib.
Prezident deyib: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.
44 günlük müharibə bir çoxlarına “ildırım sürətli müharibə” kimi görünə bilər, amma ondan öncə uzun illər “diplomatik müharibə” də getmişdi. Ən ümdəsi, biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, hövsələ ilə zəfər günümüzün başlanğıc anını gözlədik.
Belə ki, işğaldan azad edilmiş regionlarımızda, o cümlədən Şuşa şəhərində yeni infrasrukturun qurulması, evlərin tikilməsi, o cümlədən yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində aparılan sürətli işlər onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları uğurla davam etdirilir. Birmənalı şəkildə vurğulamaq olar ki, Azərbaycan qarşısına qoyduğu əsas hədəflərə çatıb.
10 may tarixində Prezident İlham Əliyev və vitse-prezident xanım Mehriban Əliyevanın Şuşa şəhərində iştirakı, görüş zamanı səsləndirdiyi fikirlər, xüsusilə “ Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi isə bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəsli yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin ”-deyə qürurla qeyd etməsi, cənab prezidentin Şuşada məskunlaşan əhaliylə görüşü, keçirilən Xarıbülbül festivalı, istifadəyə verilən idarə-müəssisələrin açılışı və s. Hər bir Azərbaycanlının qürurla izlədiyi səhnələr idi. Təqdim olunan mənzillər, xalqın minnətdarlıq dolu çıxışları, qısa zamanda bərpa olunan Qarabağ bölgəsi, yaradılan infrastruktur, uğurlu siyasət, güclü iqtisadiyyatın göstəricisidir. Prezident İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”.
Bəli, Şuşa azad olundu, şuşalılar səkkiz guşəli ulduzu olan bayraqlarımızla bəzənmiş Şuşaya döndü.
Bundan sonrası asandır: Şuşada əzəmətli, ultra-müasir binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə çevriləcək, istirahət məkanı olacaq. Bütün Azərbaycan xalqı üçün qədim Şuşa cənnətməkan diyara çevriləcək!
312 nömrəli tam orta məktəbin direktor müavini, İmanbəyli İradə Loğman qızı