Kəlağayı Sənətinin UNESCO tərəfindən tanınması və yubiley müsabiqəsi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi nəticəsində kəlağayı sənəti Azərbaycan xalqının milli-mənəvi dəyərləri arasında ən mühüm mədəniyyət nümunələrindən biri olaraq beynəlxalq səviyyədə tanınmışdır. 2014-cü ildə Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu, "Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası" adı ilə qeyd olunub və kəlağayının dünyaya təqdim edilməsinin 10 illik yubileyini qeyd etmək məqsədilə müsabiqə elan edilmişdir.
Müsabiqənin ideya müəllifi və təşkilatçısı, Dünya Azərbaycan Qadınları İctimai Birliyinin rəhbəri Xatirə Qəmbərova olmuşdur. Müsabiqənin məqsədi, milli-mənəvi dəyərlərimizdən olan kəlağayının beynəlxalq səviyyədə nüfuzunu artırmaq, müasir geyimlərlə necə istifadə oluna biləcəyini nümayiş etdirmək və bu mədəni irsin gələcək nəsillərə çatdırılmasını təmin etməkdir.
Münsiflər heyətinin sədri, əməkdar incəsənət xadimi, modelyer-rəssam Fəxriyyə Xələfova olmuşdur. Təşkilati dəstək isə Sahibkar Qadınlar İctimai Birliyi (sədr Zenfira Ağayeva) tərəfindən təmin edilib.
Müsabiqə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı qadınlar arasında keçirilmiş və Binəqədi rayonu, R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 2 şagirdi və məktəbin direktoru diplomla təltif olunmuşdur.