“The Role of Ecology in Human Health” tədbirində məktəbimizin nümayəndələri fəal iştirak etdilər.
COP29 çərçivəsində Qan Donorları Assosiasiyasının Yaşıl Zonasında təşkil edilən “The Role of Ecology in Human Health” tədbirində məktəbimizin nümayəndələri fəal iştirak etdilər. Tədbir zamanı məktəbimizin direktoru, pedaqogika elmləri doktoru, Əməkdar müəllim Almaz Həsrət və təbiət elmləri müəllimi Nisəxanım Məmmədova çıxış etdilər.
Almaz Həsrət öz çıxışında sağlam həyat tərzinin və iqlim dəyişikliyi ilə mübarizənin məktəbdə təbliğinin əhəmiyyətindən bəhs etdi. O, vurğuladı ki, ekoloji maarifləndirmə məktəblərdə yalnız şagirdlərə deyil, onların ailələrinə və cəmiyyətə də təsir göstərərək dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda mühüm rol oynayır.
Nisəxanım Məmmədova isə məktəbimizin ekologiya ilə bağlı gördüyü işləri tədbir iştirakçılarına təqdim etdi. O, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən açıq hava dərsləri, şagirdlərin iqlim dəyişikliyinə dair layihələrdə iştirakı və məktəbin ekoloji maarifləndirmə təşəbbüsləri haqqında ətraflı məlumat verdi.
Bu tədbir, iqlim dəyişikliyinin insan sağlamlığına təsiri mövzusunda dərin müzakirələr aparmaq və görülən işlərdə əməkdaşlığı genişləndirmək üçün unikal bir platforma oldu. Məktəbimiz burada nümayiş etdirdiyi təşəbbüslərlə bir daha ekoloji şüurun formalaşdırılmasında fəal rol oynadığını sübut etdi.
COP29-da iştirak etmək məktəbimiz üçün həm böyük təcrübə, həm də gələcək layihələrimiz üçün yeni ideyalar qazandırdı. Ekologiyanın insan sağlamlığına təsiri ilə bağlı fəaliyyətlərimizi daha da genişləndirmək əzmindəyik.