Cəbrayıl şəhəri günü ilə əlaqədar dəyirmi masa təşkil olundu
4 oktyabr 2024-cü il tarixində Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə Cəbrayıl şəhəri günü münasibətilə dəyirmi masa keçirildi. Tədbir vətənpərvərlik ruhunu gücləndirmək və Cəbrayılın azad olunmasının əhəmiyyətini vurğulamaq məqsədilə təşkil olundu.
Dəyirmi masada məktəbin tarix müəllimi Kəmalə Həsənova vətən müharibəsi, Cəbrayıl rayonunun azad olunmasının tarixi və strateji əhəmiyyəti, eyni zamanda “vətən” məfhumu haqqında şagirdlərə ətraflı məlumat verdi. O, çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizənin dərin mənəvi və tarixi əhəmiyyətindən bəhs edərək, Cəbrayılın azad edilməsinin xalqımız üçün qürur mənbəyi olduğunu vurğuladı.
Şagirdlər də bu mövzu ətrafında öz fikirlərini səsləndirərək müzakirələrə qoşuldular. Onlar vətənpərvərlik, tarixi yaddaşın qorunması və müstəqillik uğrunda mübarizə mövzusunda maraqlı çıxışlar edərək dəyirmi masada fəal iştirak etdilər. Tədbir, şagirdlərin tarixə, vətən müharibəsinə və Cəbrayılın azadlığına olan marağını daha da artıraraq onların vətənpərvərlik hisslərini gücləndirdi.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərin milli mənəvi dəyərlərə bağlılığını artırmaqla yanaşı, gələcək nəsillərə tarixi hadisələrin əhəmiyyətini dərindən anlamağa kömək edir.