“Məktəb həyatı” mövzusunda keçirilmiş esse qaliblərinin mükafatlandırılması mərasimi
Oktyabrın 20-də Bakı şəhəri 200 nömrəli məktəb-lisey kompleksində "Məktəblinin dostu" layihəsi çərçivəsində "Məktəb həyatı" mövzusunda təşkil olunmuş esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, uşaq yazıçısı Sevinc Nuruqızı, “Məktəblinin dostu” layihəsinin əməkdaşları, valideyn və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib ki, “Məktəblinin dostu” layihəsi tərəfindən həyata keçirilən bu müsabiqə şagirdlərin yazı bacarıqlarının üzə çıxarılması, eyni zamanda qaliblərin hekayələrinin kitab şəklində çap olunması onların mütaliəyə, yazmağa həvəsləndirilməsi istiqamətində təqdirəlayiq təşəbbüsdür. Elm və təhsil nazirinin müşaviri qaliblərə təbriklərini çatdırıb, onlara gələcək təhsil həyatlarında böyük uğurlar arzulayıb.
Mətbuat Şurasının sədri, yazıçı Rəşad Məcid şagirdlər arasında esse, inşa müsabiqələrinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, şagirdlərin bu müsabiqələrə maraq göstərməsi onların erkən yaşlardan bədii yaradıcılıq, yazıçılıq bacarıqlarının qiymətləndirilməsi üçün də imkanlar yaradır. Mətbuat Şurasının sədri qeyd edib ki, gələcəkdə karyerada uğurlu şəxs olmaq istəyən hər kəsin həm də peşəkar yazı, özünüifadə bacarığının olması böyük üstünlükdür. Məhz bu cür müsabiqələrin şagirdlər arasında təşkili onlarda insanın yazmaq qabiliyyətinin nə dərəcədə vacib olduğu fikrini formalaşdırır.
Uşaq yazçısı Sevinc Nuruqızı çıxışı zamanı qeyd edib ki, bu gün dünyada esse yazmaq bacarığına xüsusi diqqət yetirilir. Yazıçı, həmçinin bildirib ki, esse insanın dünyagörüşünü, hisslərini, insani keyfiyyətlərini üzə çıxaran yazı nümunəsidir. Müsabiqə sayəsində şagirdlərin hekayə, nağıl yazmaq bacarıqlarının aşkara çıxarılmasını onların təhsil həyatı üçün mühüm hadisə hesab edən yazıçı qaliblərə təbriklərini çatdırıb, şagirdlərə uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Bakı şəhəri 200 nömrəli məktəb-lisey kompleksinin şagirdləri musiqi və rəqs ifaları ilə çıxış ediblər.
Qeyd edək ki, müsabiqə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin VII-VIII sinif şagirdlərini əhatə edib. Esselərin mövzusu şagirdlərin məktəb həyatını, onların sinif yoldaşlarına və müəllimlərinə münasibətlərini özündə əks etdirir. Müsabiqənin keçirilməsinin məqsədi məktəblilərin bədii təxəyyüllərini üzə çıxarmaq və nitqlərini inkişaf etdirməkdir. Müsabiqənin yekununda təqdim olunan esselər müvafiq ekspertlər tərəfindən qiymətləndirilib və ən yaxşıları təşkil edilən komissiyanın rəyi ilə seçilərək kitab şəklində çap edilib. Müsabiqəyə ümumilikdə 150 esse qəbul edilib, 28 ESSE müəllifi qalib seçilib.
28 qalib esse müəlliflərindən biri də məktəbin 9A sinif şagirdi Yusifli Fatimədir. Fatiməni təbrik edir, ona daha böyük nailiyyətlər arzulayırıq.