Şəhid Rüfət Məmmədlinin sinif guşəsi təqdim olunub
Məktəbin Fəaliyyət planına uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında biliklərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi məqsədilə "27 sentyabr Anım Günün keçirilməsi" "8 noyabr Zəfər Gününün keçirilməsi" barədə BŞTİ-nin müvafiq əmrinə əsasən məktəbdə Tədbirlər Planı hazırlanıb təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq 23 Noyabrda 7b sinif rəhbəri Şəfiqə İsgəndərovanın təşkilatçılığı ilə Şəhid Rüfət Məmmədliyə həsr olunmuş sinif guşəsi təqdim olunub.
7b sinfinə adı verilmiş "əjdaha" ləqəbli Rüfət Məmmədli 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində anadan olub.
Rüfət Məmmədli 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.2016-cı ilin 2–5 aprelində baş tutan döyüşlərdə savaşıb.Aprel döyüşlərindəki şücaətinə görə "kiçik gizir" hərbi rütbəsi alıb.Müxtəlif zamanlarda snayper kurslarında uğurla iştirak edib, fərqlənmələr qazanıb.2017-ci ildə "ən yaxşı kəşfiyyatçı snayper" kursunu birinciliklə bitirib.2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərinin iştirakçısı olub.Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Rüfət Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə snayperçi kimi savaşıb. Sərrast atışlarına görə döyüş yoldaşları ona "Əjdaha" ləqəbini qoyub. Rüfət Məmmədli noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Saloğlu qəsəbəsində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rüfət Məmmədli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
23.11.2021-ci ildə İ.Məmmədov adına 298 N-li tam orta məktəbin 7b sinif şagirdləri şəhidin xatirəsini hörmətlə andılar.
Şəhidimzlə fəxr edirik.
Allah şəhidlərimizə rəhmət eləsin.