“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib.
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar barədə şagirdlərə ətraflı məlumatlar verməkdən ibarətdir.
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının lektoriya zalı və Binəqədi rayonu üzrə digər mərkəzlərdə təşkil olunan ilk dərslərdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri Sadiq Qurbanov, Kəmaləddin Qafarov, Əvəz Ələkbərli, Əliabbas Salahzadə, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, məktəb direktorları, müəllimlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.
Öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş sözü ilə çıxış edib. V.İsmayılov ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdiri Mehriban Vəliyeva, “Heydər Əliyev irsinin öyrənilməsi” dərslərinin mahiyyəti və məqsədi barədə danışıb. M.Vəliyeva dahi liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə respublikanın sosial, iqtisadi, elmi-mədəni həyatında baş verən köklü dəyişiklikləri nəzərə çatdırıb. Həmçinin Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük nailiyyətlərin əldə olunduğu haqqında fikirlərini bildirib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyan bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət etdiyini qeyd edib.
Daha sonra millət vəkilləri Sadiq Qurbanov və Kəmaləddin Qafarov Heydər Əliyevin siyasəti sayəsində müasir dövrdə Azərbaycanın milli dövlətçiliyinin real məzmun və məna kəsb etdiyini, dövlət suverenliyimiz sarsılmaz və dönməz gerçəkliyə çevrildiyini bildiriblər. 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışını Azərbaycanın xilasının və tərəqqisinin əsası olduğunu vurğulayıblar.
Millət vəkilləri Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən ümummilli liderin sosial-iqtisadi və milli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dərslər 2021-2022-ci tədris ilinin sonuna kimi davam edəcək.