Paytaxt məktəblərində Anım Günü tədbirləri keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində Anım Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu və bu zəfərin həm də  “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyduğu bildirilib.

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində Vətən Müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərlə, qazilərlə, şəhidlərin ailə üzvləri ilə görüşlər keçirilib, onların həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunub.

Həmçinin təhsil müəssisələrində Anım Gününə həsr olunmuş yaradıcılıq müsabiqələri (rəsm, inşa, şeir, mahnı, əl işləri, videoçarx, təqdimat), intellektual oyunlar da keçirilib. 

Bundan başqa, şagirdlərin Vətən Müharibəsi Memorial Kompleksinə ekskursiyaları təşkil olunub.

Təhsil müəssisələrində işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil edilib, həyata keçirilən quruculuq işləri barədə şagirdlərə geniş məlumatlar verilib, videomateriallar nümayiş olunub.

Anım Günü ilə bağlı məktəblərdə Zəfər muzeyləri, lektoriyalar, şəhidlərin büst və barelyefləri açılıb, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. 

Bundan əlavə, təhsil müəssisələrində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi