"Yay məktəbi"nin fəaliyyəti davam edir.
16 iyun 2021-ci il tarixdən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər məşğələlərə böyük maraqla gəlirlər. Yay məktəbinin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçirilir.
25.06.2021-ci il tarixdə məktəbimizin tarix müəllimi Məmmədova Pərvanə və ədəbiyyat müəllimi Məmmədova Elnurənin VII-VIII siniflər üçün birlikdə hazırladıqları maraqlı bir dərs keçirildi. Qabaqcadan dərs prosesində film nümayişi və şagirdlərin film əsasında esse yazması nəzərdə tutulmuşdu. Dərs müəllimlərin motivasiya xarakterli söhbətləri və şagirdlərə ünvanlanmış suallarla başlandı. Dərs zamanı Birinci Qarabağ müharibəsindən bəhs edən "Dolu" filmi nümayiş etdirildi.Film şagirdlərin böyük marağına səbəb oldu. Filmin nümayişindən sonra şagirdlər film əsasında həm Birinci Qarabağ müharibəsi, həm də, İkinci Qarabağ müharibəsi haqqındakı bilikləri əsasında esse yazdılar. Yazılmış esselər şagirdlərin iştirakl ilə oxundu, müzakirə olundu, müzakirə zamanı birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsindəki proseslər təhlil olunaraq 44 günlük İkinci Qarabağ müharibəsində xalqımızın düşmən üzərində qələbəsini təmin edən amillərə diqqət çəkildi. Təhlil zamanı bu mübarizədə xalqımızın vəhdəti, ordunun yüksək səviyyədə təşkili və təminatı, xalqın Ali Baş Komandan İ.Əliyev ətrafında sıx birləşməsi qələbəni təmin edən əsas şərtlər kimi vurğulandı. Şagirdlər arasında anonim keçirilən səsvermə əsasında 1-ci, 2-ci, 3-cü yerlərin sahibləri müəyyənləşdirildi. Dərsin sonunda qaliblər müxtəlif mükafatlarla mükafatlandırıldılar.