Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş onlayn konfrans keçirildi
24 may 2021-ci il tarixində Virtual məktəb platformasında 36, 76, 298 və Zəngilan rayonu 21 nömrəli məktəblərin birgə əməkdaşlığı çərçivəsində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş "Səadət kamalla yetişər başa, Xalqa xidmət elə, ədəblə yaşa”adlı onlayn konfrans keçirildi.
Konfrans 298 nömrəli məktəbin Nizami yaradıcılığına həsr olunmuş sərgisinin nümayişi ilə başladı.
Daha sonra 298 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xatirə Rəhimbəyli konfransı açaraq Nizami yaradıcılığınin zənginliyi, onun əvəzsiz irsinin təbliğinin vacibliyindən danışdı.Müxtəlif zaman kəsiklərində dahi şairin irsinə verilən qiymət, adının əbədiləşdirilməsi istiqamətində görülən işlər barəsində məlumat verdi.
Konfransda Qəndab Quliyeva (Bakı şəhəri 76 N-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi ) “Nizaminin hikmət dünyası”, Şəbnəm Nəcəfli (Zəngilan rayonu 21 N-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi ) ”Nizami yaradıcılığında qadın obrazı”, Cəvahir Məmmədova (Bakı şəhəri 36 N-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi) “Nizami Gəncəvi yaradıcılığı və şifahi xalq ədəbiyyatı” mövzusunda məruzə etdilər.
Tədbirin sonunda Bakı şəhəri 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva, Zəngilan rayonu 21 nömrəli məktəbin direktoru Şirvanzadə Gülnarə, Bakı şəhəri 298 nömrəli məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək iştirakçılara, məruzəçilərə təşəkkür etdilər. Məktəblərarası əməkdaşlığı yüksək qiymətləndirdilər və müəllimlər arasında bu cür fikir mübadilələrinin onların peşəkar inkişafına töhfə verəcəyini bildirdilər.