İlqar Məmmədovun doğum günü qeyd edilib
8 aprel 2021-ci il tarixində 298 nömrəli məktəbin adını daşıdığı şəhid İ.Məmmədovun 47-ci ildönümü münasibəti ilə Microsoft Teams platforması üzərindən onlayın tədbir keçirildi.
Tədbir Azərbaycan Dövlət himni ilə açıldı .
Tədbirin aparıcısı - məktəbin TİÜDM Rəhimova Xatirə iştirakçıları salamladıqdan sonra tədbirdə İlqar Məmmədovun anası, hamımızın əzizi Şərifə ananın, bacısı Xalidə xanımın, qardaşı Emin bəyin və digər ailə üzvlərinin də iştirak etdiyini bildirdi.
Duyğulu, həzin çalarla zəngin hazırlanmış tədbirdə ilk öncə 8 ç sinif şagirdləri Mədinə və Nəzrin İlqar Məmmədovun qısa zaman kəsiyinə sığışdırdığı möhtəşəm ömür yolundan danışdılar. Daha sonra məktəbin coğrafiya müəllimi Tuqay Rzazadə İlqarın son döyüşü olan Şişqaya əməliyyatı, bu döyüşün mahiyyəti, gedişatı və nəticələri haqqında məlumat verdi.Şəhid haqqında uzaq Sibirdən görüşə qoşulmuş bacısı Xalidə xanım, İlqarın sinif rəhbəri olmuş Almaz müəllimin qızı, məktəbin məzunu həm də tarix müəllimi İlqarlı xatirələrlə zəngin Məlahət Əliyeva, şəhidin sinif yoldaşı Arzu xanım, ən əsası isə Şərifə ana danışdığı xatirələrlə, indi dillər əzbəri olan “Vətən yaxşıdır” nəğməsini oxuyan balaca xanəndəmiz 7 a sinif şagirdi Cavad, "ŞƏHİDİM” şeirini söyləyən 6 b sinif şagirdi Rəfail, şəhidin qardaşı qızı 9 b sinif şagirdi Zeynəb isə hazırladığı videoçarxla hər kəsi diyğulandırdı.
Sonda "Yaddaşlarda yaşayan İlqar” adlı həzin toplantını məktəbin direktoru Xatirə Hacıyeva öz çıxışı ilə sonlandırdı.