Qəhrəmanın yubileyinə qələbə hədiyyəsi
Həyat sözün hər iki mənasında qabarmalar və çəkilmələrdən ibarətdir.Necə ki “Yer” deyib tapındığımız cəmi 510 072.000 km2 əraziyə malik olan bu planetdə dağlar, dərələr, yüksəkliklər,çökəkliklər var, eləcə də əfsanəyə görə, etibarsızlığı üzündən bu planetə sürgün olunmuş Adəm və Həvvanın nəvələri, nəticələri və bu hesabla artıq heç kimləri sayılan bəşəriyyətin cəm olduğu toplumda da qabarlamalar və çəkilmələr, tərəqqilər və tənəzzüllər mövcuddur. Hərəsi öz payını götürüb Adəm və Həvva adlı tamdan, bütövdən ayrılan və sonradan ayrı-ayrı xalqlara və millətlərə çevrilən Adəm övladlarının götürdükləri o pay Adəmdən üzü bəri alın yazısı, tale payıdır onların. Bu 72 cüt haqqındakı əfsanəyə görə onların hərəsi öz yaşamını bir cür təmin etdi: kimisi ovçulqla, kimisi yığıcılıqla,kimisi əkinçilik,kimisi maldarlıqla...Həyata tutundular,var oldular örədilər,törədilər,artdılar.O qədər artıb-çoxaldılar ki, sonda bu cütlərin törəmələri bir-birinə qarışdı.Hakimiyyət davası,mal hərisliyi, rahat yaşayış üçün hər cür zülmə əl atmalar...Çalxalandıqca duyğular,hisslər Adəm övladlarının xarabı, zayı, zalımı,qatili,qaniçəni bir toplum halına gəldi, formalaşdı. Bacarıqsızlarda xəbislik, paxıllıq, riyakarlığ xislətləri toplandı. Qabili Habilini vurub öldürdü...
Və beləcə dünya iki yerə bölündü:Xeyir və Şər.Ahurəməzda və Anqramanyu.O vaxtdan bu vaxta Xeyir qurar və yaradar, gözəlləşdirər dünyanı, Şər söküb-tökər, uçurar, dağıdar... Mahiyyəti bu olmuş həmişə adı zaman-zaman dəyişən Şərin.Müxtəlif pərdələr altında gizlənsə də amalı ,məqsədi, məramı bir olmuş-bacarıqsızlığı üçün başqasını günahkar bilib onu yıxıb-devirmək, çeynəyib tökmək!..
Bu buqələmun ideyanın son dövrlərdəki adı faşizm olmuşdur.Neofaşizm deyə təzələnmək istəyi də var.
Bəli,faşizm deyilən bu ideya XX əsrin ortalarında xəstə təxəyyüllü insanların fəlsəfəsinin əsasına çevirildi. Bu sərsəm fəlsəfə haqda kifayət qədər danışıldığından istəyirik bu "fəlsəfə"nin mahiyyətindən yox, ona qarşı aparılan mübarizədən və bu mübarizənin fəallarından biri olmuş həmyerlimiz Əhmədiyyə Cəbrayılov haqqın da danışaq.
Bu il Əhmədiyyə Cəbrayılovun yüz yaşı tamam olur.Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi barədə" sərəncam imzalamışdır.Bu faktın özü göstərir ki, Əhmədiyyə Cəbrayılov xalqımız, millətimiz üçün nə qədər önəm daşıyır...
Əhmədiyyə Cəbrayılov haqda qısa danışmaq mümkün deyil.Çünki bu bəxs payına düşən ömür yoluna o qədər diqqətəşayan əlamətlər sığdırıb ki,heç birindən vaz keçmək olmur.Əvvəlcə qəhrəmanımızın 1920-1946-cı illər arası ömür yoluna bacardıqca qısa səyahət edək.
(Bacarsaq..)
Ə.Cəbrayılov 1920-ci ildə Şəki rayonunun Oxud kəndində doğulub.Ali təhsilini aqrar sahə üzrə alıb və bu ipək xarakterli insan Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama zonalarında ipəkçilik üzrə mütəxəssis kimi çalışıb.Onu ipəkçilikdən tarixin kobud sifəti-II dünya müharibəsi ayırıb.Könüllü cəbhəyə gedib.İlk olaraq təlimlərə qoşulub aviasiya üzrə. Təlim bitdikdən sonra onu Moskva yaxınlığında yerləşən 35-ci bombardmançı eskadriliyasiyasına texniki xidmət sahəsinə təyin edirlər.Şəxsi keyfiyyət və bacarığına görə tez bir zamanda o, baş leytenant rütbəsi qazanır və Donbas şəhərində polk siyasi rəhbərinin köməkçisi olur.1942-ci ildə təyyarəsi vurulur,ağır yaralı vəziyyətdə əsir düşür.Dəfələrlə qaçmağa cəhd etsə də,alınmır ta ki,1943-cü ilədək.Ağır həbsxana şəraitində qazandığı vərəm xəstəliyi onun ölümünə deyil,yaşamasına səbəb olur.Belə ki,həbsxana komendantının qulluqçusu madam Jannanın sayəsində ölmüş kimi tabuta qoyulur və həbs düşərgəsindən çıxarılır. Sonra da elə Jannanın evinin zirzəmisində də sağlamlığına və fransız dilinə sahiblənir. Bundan sonra o,fransız partizanlarına qoşularaq çox mühüm əməliyyatlarda iştirak edir.İpəkçi Əhmədiyyə zamanla ”Xarqo”,”Fraji”,”Qoçaq”, “Ryus Armed”və s. Kimi ləqəblər qazanır. Pul qazanmaq istəyənlər almanların Əhmədiyyə Cəbrayılovun başına qoyduqları 10 min frank üçün min cür oyuna girdikləri vaxt Qəhrəmanımız faşiztlərin başına min cür oyun açırdı. Saysız-hesabsız qalibiyyətlə başa çatan əməliyyatlar, Tarnnın, Qaronun, Montabonun faşistlərdən təmizlənməsində göstərdiyi şücaət fransızların diqqətindən yayınmırdı. Bu da 1944-cü ilin avqustunda Paris şəhərində general Şarl de Qollun Əhmədiyyə ilə şəxsən görüşünə səbəb olur və bu görüş fotoyla əbədiləşir.
Ə.Cəbrayılovun fransız xalqına ən böyük xidmətlərindən daha ikisini qeyd etmək və bu günümüzdən çıxış edərək demək istəyirəm ki,erməni faşizmini dəstəkləyən fransız xalqı qəhrəmanımızın bu xidmətlərini gərək heç bir zaman unutmayalar.Belə ki,Ə.Cəbrayılov minlərlə əsiri alman həbs düşərgələrinə aparacaq qatarın yolunu partlatmış və əsirləri xilas etmişdir.Eyni zamanda 500 fransız uşağın da həyatını xilas edərkən özü ağır yaralanmış və almanların əlinə keçmişdir.Bəlkə də elə həmin körpələrin duası onu xilas etmiş, əynində alman mundiri olduğu üçün faşistlər onu özlərininki bilərək hospitala aparmış və müalicə etmişlər .Nağıla bənzəsə də deməliyəm ki, sağaldıqdan sonra belə onu tanımayan almanlar qəhrəmanımızı Albi şəhərinə komendant təyin edirlər.Və əlinə daha böyük fürsət düşən Əhmədiyyə düşmənə bir-birinin ardınca zərbələr vurmuş,nəhayət komendantlıq zabitlərinin hamısını əsir alaraq fransız partizanlarına təhvil vermişdir.Leon şəhərinin mərkəzindəki düşmən tankını məhv etdiyinə görə Mores Torez ona tapança bağışlamışdır.Göstərdiyi şücaətə görə Ə.Cəbrayılova bir sıra orden və döyüş nişanları verilib.Ən böyük mükafatı isə “Hərbi medal” idi ki,bu medala sahib olan sıravi əsgər belə hərbi paradda generallardan öndə gedə bilərdi.
Bu Əhmədiyyə Cəbrayılovun 74 illik ömrünün cəmi 25 ilinin qısa xronikası.
Və sonra ...1946-cı ildə Şarl de Qollun köməyi ilə Ə.Cəbrayılov SSRİ-yə qayıdır.Onu burada heç də gözəl günlər gözləmirdi.Moskva onu “vətən xaini” damğası vuraraq mükafatlarının bir necəsini əlindən alır.Az yaşında çox keşməkeşli həyat sürmüş qəhrəman özünü itirmir, həyatına qaldığı yerdən davam edir.Yarım qoyduğu məktəbində -Kirovabad Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurur,Sürəyya adlı bir xanımla ailə qurur,övlad sahibi olur,aqranom kimi əmək fəaliyyətini davam etdirir.Ta ki 1966-cı il Şarl de Qollun Moskva səfərinədək belə sakit, sakin ömür yaşayır.Şarl de Qoll köhnə döyüşçünü axtarır,bu da Ə.Cəbrayılovun bəraət almasına,o vaxt ”bağlı dövlət” olan SSRİ-nin sərhədlərindən kənara çıxımasına imkan yaradır.Ə.Cəbrayılov döyüş yolu keçdiyi şəhərləri-Montaban, Rodez, Tuluza, Albi, Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseli gəzir.Burada o,keçmiş döyüş yoldaşları ilə görüşür,yüksək səviyyəli dövlət tədbirlərinə dəvət alır,göstərdiyi şücaətlərə görə müxtəlif mükafat ,fəxri ad və nişanlara layiq görülür.SSRİ də öz növbəsində bu əfsanəvi partizanı ard-arda mükafatlandırır.
XX əsrin ortalarında burnu ovulub darmadağın edilən faşizm ,çox təəssüflər olsun ki,əsrin sonlarına doğru dirçəlməyə başladı.Bu şəklini dəyişmiş ideya,nə yazıq ki,Qafqazda məhz azərbaycanlılara qarşı yönəlik peyda oldu.erməni vandalları,qaniçən qatilləri 1988-ci ildən Qərbi Azırbaycanlıları zor gücünə öz at-baba torpaqlarından qovmağa başladılar.Bu “təmizləmə”əməliyyatı başa çatdıqdan sonra isə Dağlıq Qarabağ və ona bitişik yeddi rayon üçün ərazi iddiaları irəli sürdülər.Dağılmış SSRİ imperiyasının idarəolunmaz qoşun birləşmələrini kömməyi ilə ermənilər adı çəkilən ərazilərdə ağlagəlməz vəhşiliklər törədirdilər.Damarlarında türk qanı axan,zülmə,zillətə daima qarşı olan vətənsevərlərin içində,əlbəttə,keçmiş döyüşçü Əhmədiyyə Cəbrayılovun da oğlu vardı-Mikayıl Cəbrayılov. I Qarabağ savaşı başlayanda Mikayıl polis leytenantı idi.O da başqa silahdaşları ilə bərabər Qarabağın Cəmilli kəndində erməni hücümlarına məruz qalmış kənd əhalisinin müdafiəsinə qalxdı.Qeyri-bərabər döyüşdə kənd camaatı çox təlafat verəcəkdi deyə,Mikayıl onlara sahəni tərk etməyi əmr edib özü ermənilərlə tək döyüşür.Kənd camaatı ərazidən uzaqlaşdırılsa da,qəhrəman döyüşçü şəhid olur.Onun bu şücaəti Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman fəxri adı ilə(ölümündən sonra) dəyərləndirilir.Qəhrəmanlar ailəsi,bir evin iki qəhrəmanı...
Əhmədiyyə Cəbrayılov özü isə 1994-cü ildə təsadüfi bir yol qəzasında vəfat edir.
Bu bir ömrün dastanıdır.Təxəyyülün məhsulu deyil,yaşanaraq yaranmış dastanı.İbrətamiz,qürurverici,qəhrəmanlıq məktəbinin əbədi dərsliyi olacaq dastanı.Daima nəsildən-nəslə ötürüləcək dastan. Axı yenə dünya öz işindədir-qabarmasında və çəkilməsində.Şükür ki,çox yaxın zamanda IIQarabağ savaşında düşmənin süqutu,tənəzzülü,biabırçı şəkildə məğlubiyyəti baş verdi.Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasət,şəhidlərimizin,qazilərimizin,əsgər və zabitlərimizin və mən deyərdim ki,bütün xalqımızın göstərdiyi rəşadət,döyüş əzmi və bacarığı,döyüşçülərimizə olunan sonsuz sayğı və inam bu qələbənin rəhmi oldu.Yəqin ki,əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun və onun qəhrəman balasıMikayıl Cəbrayılovun ruhu indi çox şaddır. Qəhrəmanın yubileyinə qələbə hədiyyəsidir qarabağın azadlığı.
Xatirə Rəhimbəyli .AYB-nın üzvü,Prezident təqaüdçüsü