"Məktəblərdə ekologiya aylığı" çərçivəsində ekskursiya təşkil edildi
Məktəbin 3_C sinif şagirdləri Aytac Əliyevanın rəhbərliyi ilə Zirə qəsəbəsində yerləşən Eko-parkda ekskursiyada oldular. Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə qəsəbəsində Bakı-Pirallahı yolu üzərində inşa edilən Zirə Mədəniyyət Mərkəzi və Eko-Parkı xüsusi landşaft dizaynı ilə layihələşdirilib. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib.Xüsusi yaşıllıq zolaqları salınıb, dekorativ şam, kin-konq, şabalıd, mavi sərv, leylandra və leylandra koldreks, lisidium, sürünən küknar kolları və qızıl gül, qavra, lavanda, yaşıl taflan, çobanyastığı, qartopu, çin qızılgülü, ətirşah, payız gülü kimi bəzək gülləri, növbənöv sarmaşıqlar əkilib. Daş palıd zolağı və çinar zolağı xüsusilə seçilir. Ekskursiya "Məktəblərdə ekologiya aylığı" çərçivəsində şagirdlərin asudə vaxtlarını şən və mənalı keçirmək məqsədilə təşkil edilmişdir.