İsmayılov Pərviz Xasay oğlu 7 noyabr 1972-ci ildə Bakı şəhərində anadan olub.
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbi bitirəndən sonra, Bakı Texniki Litseyində oxuyub. Orta məktəb illərində “Dinamo” da 7 il Mirəli Seyidovun rəhbərliyi altında karate üzrə təlim məşqləri keçib.
1992-ci ildə könüllü olaraq hərbi xidmətə yollanıb. İlk döyüşü Qubadlı bölgəsində olub. Laçının Güləbird, Səfiyan, Qubadlının Aşağı Fərəcan, Yuxarı Fərəcan, Başarat, Muradxanlı istiqamətlərində cəsarət göstərmiş, bu ərazilərdə üç dəfə mühasirədən sağ–salamat çıxa bilib. Sonralar Pərvizin döyüş yolu Ağdarə-Tərtər bölgəsindən keçib. Əvvəlcə kəşfiyyatçı kimi vuruşan Pərviz İsmayılov dəfələrlə düşmən arxasına keçərək vacib sayılan məlumatlarla geri dönüb.
Ağdərənin Madagiz, Lüləsaz, Çardaxlı, Akop–Komari, Qırmızı kənd, Qlobus, Vuşka kəndləri və yüksəklikləri uğrunda ağır döyüşlərdən keçən Pərviz hər bir çətinlik önündən qalibiyyətlə çıxa bilmişdirş. Son döyüşdə pulemyotunun güllələri qurtarana qədər atışan Pərviz düşmənlərin əlinə keçməmək üçün sonuncu gülləsini özünə vurmuşdur. Pərviz İsmayılov 12 may 1994–cü ildə şəhid olub.
Bakı şəhəri 278 nömrəli tam orta məktəb 1995–ci ildən P.İsmayılovun adını daşıyır. Şəhidin büstü məktəbin həyətində ucaldılmışdır. Hər il P.İsmayılovun doğum və anım günləri məktəb kollektivi tərəfindən qeyd olunur.
Kəmalə Cəmil qızının “Pərviz, salam!” adlı kitabında şəhidin həyat və döyüş yolu öz əksini tapıb.