I Qarabağ şəhidi Pərviz İsmayılovun şəhadətə qovuşduğu gün
İsmayılov Pərviz Xasay oğlu 7 noyabr 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Suraxanı rayonu 278 nömrəli tam orta məktəbi bitirəndən sonra, Bakı Texniki Litseyində oxumuşdur. Orta məktəb illərində “Dinamo” da 7 il Mirəli Seyidovun rəhbərliyi altında karate üzrə təlim məşqləri keçdikdən sonra,1992-ci ildə könüllü olaraq hərbi xidmətə yollanır. Onun ilk döyüşü Qubadlı bölgəsində olmuşdur. Laçının Güləbird, Səfiyan, Qubadlının Aşağı Fərəcan, Yuxarı Fərəcan, Başarat, Muradxanlı istiqamətlərində cəsarət göstərmiş, bu ərazilərdə üç dəfə mühasirədən sağ–salamat çıxa bilmişdir. Sonralar Pərvizin döyüş yolu Ağdarə-Tərtər bölgəsindən keçir. Əvvəlcə kəşfiyyatçı kimi vuruşan Pərviz İsmayılov dəfələrlə düşmən arxasına keçərək vacib sayılan məlumatlarla geri dönmüşdür. Ağdərənin Madagiz, Lüləsaz, Çardaxlı, Akop–Komari, Qırmızı kənd, Qlobus, Vuşka kəndləri və yüksəklikləri uğrunda ağır döyüşlərdən keçən Pərviz hər bir çətinlik önündən qalibiyyətlə çıxa bilmişdir. Son döyüşdə pulemyotunun güllələri qurtarana qədər atışan Pərviz düşmənlərin əlinə keçməmək üçün sonuncu gülləsini özünə vurmuşdur. Pərviz İsmayılov 12 may 1994–cü ildə şəhid olmuşdur. Şəhidimizin əziz xatirəsi şəhadətə ucaldığı gündə məktəb rəhbərliyi və pedaqoji kollektivi, şagirdləri tərəfindən yad edildi.