Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi  təsbit olunmasında əvəzsiz xidməti

 

Hər bir azərbaycan vətəndaşı, hər bir

azərbaycanlı öz ana dilini, Azərbaycan

dilini, doğma dilini mükəmməl bilməlidir.

H.Əliyev

 

Dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixinə adı qızıl hərflərlə həkk olunan liderdir. O, öz soy-kökünə bağlı, xalqının tarixinə, mədəniyyətinə, dilinə yüksək qiymət verən, ona ürəkdən bağlı olan görkəmli bir şəxsiyyətdir.

Gənclik illərindən xalqının təhlükəsizliyinin keşiyində dayanan, onu gözəgörünməz bir qüvvə ilə qoruyan Heydər Əliyev 1969-cu ildə siyasi hakimiyyətə gələndən sonra da öz ideyasına sadiq qalaraq xalqına ləyaqətlə xidmət etmişdir. Bu dövrdən etibarən milli dəyərlərimizi–mədəniyyətimizin, incəsənətimizin, tariximizin, ana dilimizin inkişafında, onların qorunub saxlanılmasında misilsiz xidmət göstərmişdir. Azərbaycançılıq ideyası Ulu Öndərin siyasi fəaliyyətinin ana xəttini təşkil edirdi. Azərbaycan Xalq Cumhuriyyətinin müstəqilliyimizin süqutundan sonra ana dilimiz böyük bir təhlükə ilə üzləşdi-dövlət idarələrindən sıxışdırılmağa  başladı.

 

B.Vahabzadənin dili ilə desək:

 

 

Mən azadam, müstəqiləm” sözlərini

Öz dilində deməyə də

İxtiyarın yoxsa əgər,

De, kim sənə azad deyər?

Söylə, necə azadsan ki,

Komalarda dustaq olub ana dilim

Böyük-böyük məclislərdən

İtirilib ilim-ilim

İclaslarda bir kəlməsi, sözü yoxdur

Bəlkə.... böyük rəsmi məclislərə

Çıxmaq üçün üzü yoxdur?

 

 

Ötən əsrin 70-ci illərində Ulu Öndərin ana dilimizin inkişafı ilə bağlı yeritdiyi siyasət böyük əhəmiyyət daşıyırdı. Azərbaycan Dövlət Universitetinin  yaranmasının  50 illiyi münasibəti ilə  keçirilən təntənəli  yubiley mərasimində o dövrdə  siyasi rəhbər kimi Heydər Əliyev böyük  cəsarət nümayiş etdirdi. O, öz ana dilində çıxış edərək Azərbaycan dilini “Böyük rəsmi məclislərə” çıxardı. Bu, dövlət idarələrində rus dilinin hakim olduğu bir zamanda xalqımıza, ziyalılarımıza  dövrün siyasi rəhbərliyinə  bir ismarıc idi: “Mənim xalqımın  doğma  dili-Azərbaycan dili öz  ölkəsində  hakim dil olmalıdır. “O dövrdən  başlayaraq komalarda dustaq olan ana dilim” yüksək tribunalardan səslənməyə başladı.

Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə 1978-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət  dili kimi təsbit olunmuşdur. Bu, Azərbaycanın Sovet İttifaqının tərkibinə daxil  olandan sonra dilimiz haqqında verilən ən tarixi əhəmiyyətli bir qərar idi. Ulu öndərin fikrincə, dilini bilməyən tarixini bilməz, mədəniyyətinə incəsənətinə dəyər verə bilməz. Dilini sevməyən Nəsimini, Füzulini, Cavidi, Mirzə Cəlili oxuyub anlaya bilməz. Bütün bu dəyərlərdən məhrum olan insan isə vətənpərvər ola bilməz, torpağını, millətini qoruya bilməz.

Ümummilli liderin ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra da dilimizə qayğısının şahidi olduq. Qədim oğuz türkcəsinin bir qolu olan Azərbaycan dilinin fonetik sistemi, zəngin lüğət tərkibi, sabit qrammatik quruluşu onun özünəməxsus xüsusiyyətlərinin təzahürü olduğunu vurğulayan Heydər Əliyev dilimizin adının özünə qaytarılması təşəbbüsünü irəli sürdü. Onun faktlarla əsaslandırılmış fikrinə ziyalılarımız, dilçi alimlərimiz də dəstək oldu. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi” haqqında 18 iyun 2001-ci il tarixli 506 nömrəli fərman, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını uzunmüddətli  strategiyasını və aydın proqramını  verən tarixi qanunvercilik aktıdır.

Ulu Öndərin dilimizə olan dərin məhəbbəti onun inkişafına böyük təkan vermişdir. Bu baxımdan 4 iyul 2001-ci il tarixli, 26 №-li Sərəncam “Azərbaycan əlifbası və Azərbaycan dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001 ci il tarixli 552 №-li Sərəncam xüsusi əhəmiyyətə malikdir.

Xalqımızın dilinin, adət-ənənəsinin, mədəniyyətinin təəssübkeşi olan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində doğma dilimiz öz nüfuzunu bu gün də qoruyub saxlayır. Dünyanın yüksək tribunalarından xalqımızın haqq səsi  bu dildə çatdırılır. Gənc nəsil ana dilimizə tərcümə olunan dünya ədəbiyyatı incilərini, klassiklərimizin əsərlərini sevə-sevə oxuyur. Ordu quruculuğunda, dövlət idarələrində beynəlxalq yazışmalarda öz layiqli  yerini tutan Azərbaycan dili vətənimizdə yaşayıb - yaradan bütün azyaşlı xalqların dövlət dilidir. Bu, böyük siyasətin ən uğurlu nəticəsidir. Dünya Azərbaycanlılarının qurultayına qatılan soydaşlarımız Ulu Öndərimizin açdığı cığırla, getdiyi yol ilə addımlayır, öz ürək sözlərini onları birləşdirən öz ana dilində - Azərbaycan dilində söyləyirlər.

Torpağımız və bayrağımız kimi ana dilimiz də müqəddəsdir. Ulu Öndərin siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev də qələbə sevincini bu dildə - Azərbaycan dilində böyük fəxr hissi ilə çatdırdı. “Qarabağ Azərbaycandır!” kəlməsi, nəinki öz Vətənimizdə, hətta haqq səsimizin eşidildiyi bütün dünyada vüqarla səsləndi.

Hər bir xalqın mövcudluğunu, millətin simasını səciyyələndirən əsas amillərdən biri də onun dilidir. Xalqın mənəvi dəyərlərinin keyfiyyət göstəricisidir. Heydər Əliyev də öz uzaqgörən siyasəti, müdrik qərarları ilə bərabər, öz səlis və aydın nitqi, natiqlik qabiliyyəti ilə bu dilin keşiyində duran, dili dərindən bilən alim, mütəffəkkir idi. O öz nitq mədəniyyəti ilə bir etalona çevrilmişdir. Bu gün biz ana dilimizin dövlət statuslu dillər sırasında özünəməxsus yer tutmasına görə məhz Ulu  Öndər Heydər Əliyevə borcluyuq.

 

Bakı şəhəri Suraxanı rayonu P.İsmayılov adına 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi